1930-cu illərdə Şuşada toxunmuş xalça muzeyə hədiyyə edilib - FOTO

"Lǝmpǝ" xalçasının təqdimatı

© APA | "Lǝmpǝ" xalçasının təqdimatı

# 06 iyul 2022 18:03 (UTC +04:00)

Milli Xalça Muzeyində professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi "Lǝmpǝ" xalçasının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova sözügedən unikal hədiyyənin mahiyyətindən danışıb.

O bildirib ki, son dövrlər muzeyə olduqca unikal eksponatlar təqdim edilir və bütün bunlar muzeyin fondunu zənginləşdirir: “Hətta bəzən insanlar öz şəxsi kolleksiyalarından bizə nümunələr hədiyyə edirlər. Təqdim edilən hər bir eksponat bizim üçün çox əhəmiyyətlidir".

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva isə təqdimatın xüsusiliyinə diqqət çəkib: "Bu dəyərli hədiyyəyə görə Elmira xanıma həm öz adımdan, həm də mədəniyyət camiəsi adından təşəkkür edirəm. Qarabağ və onun mədəniyyəti bizlər üçün olduqca dəyərlidir. Bu mədəni nümunələr bizim milli sərvətimizdir".

Qeyd edək ki, "Ləmpə" xalçası 1930-cu illərdə Şuşada toxunub. Bu cür xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. "Şuşa" adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. "Ləmpə" xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarǝ) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

"Lǝmpə" xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR