“Shusha Victory Project” layihəsinin çəkilişləri başlayıb - FOTO

“Shusha Victory Project” layihəsinin çəkilişləri başlayıb - FOTO
# 27 iyun 2022 12:45 (UTC +04:00)

Şuşa şəhərində “Shusha Victory Project” layihəsinin icrasına start verilib.

Layihə ABŞ-da yaşayan kamança ustadı İmamyar Həsənovun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

ADDF-dan APA-ya verilən məlumata görə, bu ideya Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində kamança ustadı İmamyar Həsənovun Azərbaycan Diasporuna Dəstək Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nümayəndələri ilə görüşü zamanı yaranıb. Məqsəd – erməni işğalçıları tərəfindən qədim Şuşa şəhərindəki tarixi və mədəni irsimizə qarşı törədilən vandalizm aktlarının videoklip formatında dünya ictimaiyyətinə çatdırılmasıdır.

Musiqiçilərin və rəqs qrupunun da iştirak edəcəyi videoklipin çəkilişləri zamanı İmamyar Həsənov beş milli musiqi kompozisiyasını ifa edəcək. Onların arasında “Azərbaycan Suitası”, “Sevgili Canan”, “Dilbərim” kimi əsərlər olacaq.

Videoklipin çəkilişləri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və rejissoru Elxan Cəfərov tərəfindən aparılır. Çəkilişlər Cıdır düzü, Şuşa qalası, Vaqifin məqbərəsi, Xan qızı Natəvanın sarayı, Üzeyir Hacıbəyovun və Bülbülün ev-muzeyi və şəhərin digər tarixi məkanlarında aparılacaq. İyunun 25-dən başlanan çəkilişlər iyunun 29-dək davam edəcək.

Qeyd edək ki, layihə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Bu Sərəncam əsasında ADDF-in bir sıra layihələri gerçəkləşdirməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR