Güclü yağış Daşkəsəndə fəsadlara səbəb olub - FOTO - YENİLƏNİB

Güclü yağış Daşkəsəndə fəsadlara səbəb olub - FOTO  - YENİLƏNİB
# 26 may 2023 18:36 (UTC +04:00)

Mayın 25-i saat 19:00 radələrindən başlayaraq Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb.

Daşkəsən İH-dən APA-ya verilən məlumata görə, leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Qeyd olunub ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib.

***

16.53

Daşkəsəndə güclü yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarından rayona yağan leysan yağışları selə səbəb olub.

Əsasən rayonun Alaxançalı, Çanaqçı və bir neçə kəndinə gələn sel suları təsərrüfatlara ziyan vurub. Sel yol infrastrukturuna da zərər yetirib. Alaxançalı kəndinin digər yaşayış məntəqələri ilə əlaqəsi kəsilib. Hazırda aidiyyəti qurumlar əraziyə cəlb olunub, avtomobillərin hərəkətinin bərpası istiqamətində işlər gedir.

Sel suları sözügedən kəndlərdə iki fərdi yaşayış evinə də ziyan vurub. Sakinlər ərazidən təxliyə edilib. Kənddə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Daşkəsən İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev APA-ya bildirib ki, hazırda rayon İcra Hakimiyyəti tərəfindən fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, bu gün Daşkəsəndə güclü yağışdan sonra dolu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR