Yaxın vaxtlarda Yevlaxda ehtiyat data mərkəzi istifadəyə veriləcək

Yaxın vaxtlarda Yevlaxda ehtiyat data mərkəzi istifadəyə veriləcək
# 14 fevral 2022 11:51 (UTC +04:00)

Yaxın vaxtlarda Yevlaxda inşa olunan ehtiyat data mərkəzi istifadəyə veriləcək.

Bunu "APA-Economics"ə "AzInTelecom" MMC-nin kommersiya direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, mərkəzin infrastrukturu artıq hazırdır, sertifikatlaşdırma işləri başa çatdırılıb.

Mərkəz dayanıqlılıq səviyyəsinə görə ABŞ-ın “Uptime Institute” təşkilatının “TIER III Design” uyğunluq sertifikatına layiq görülüb.

“Data mərkəzinin xidmətləri artıq müştərilər üçün əlçatandır. Bildiyiniz kimi, mərkəz ehtiyat kimi istifadə olunacaq. Bu mərkəzin öz texnologiyası, öz yanaşmaları və həlləri var. Burada söhbət təqdim etdiyimiz klassik həllərdən deyil, tamamilə yeni bir istiqamətdən gedir. Layihənin niyə məhz Yevlaxda həyata keçirildiyinə gəldikdə, deyərdim ki, bu gün bazarda coğrafi ehtiyatlanmaya olduqca böyük tələbat var. Üstəlik, Yevlax data mərkəzinin üstünlüyü ondan ibarətdir ki, onun həyata keçirilməsi kifayət qədər asan idi”, - deyə R. Əliyev qeyd edib.

Şirkət rəsmisi bu tip data mərkəzlərinin digər şəhərlərdə, o cümlədən Naxçıvanda yerləşdirilməsinə gəlincə bildirib ki, bu məsələyə tələbat olduğu təqdirdə baxıla bilər.

“Tələb olan yerdə təklif də var. Biz bu imkanları nəzərdən keçiririk və onu (data mərkəzini - red.) hansı zonada həyata keçirə biləcəyimizi başa düşürük. Data mərkəzinin yerini seçmək olduqca mürəkkəb prosesdir. Ən vacib amil seysmik zonadır. Bəli, təbii ki, seysmik zonada data mərkəzi tikmək olar, lakin bu halda daha etibarlı infrastruktur qurmaq lazımdır ki, bu da daha yüksək kapital xərcləri tələb edir. Deyilənləri ümumiləşdirərək bir daha qeyd edərdim ki, hər şey tələbatdan asılı olacaq. Bizim özəl və dövlət sektorunda kifayət qədər layihələrimiz var ki, bu da gələcəkdə tələbatın artacağına dəlalət edir”, - deyə R. Əliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR