Azərbaycan dəmiryolçuları Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə danışıqlar aparıb

Azərbaycan dəmiryolçuları Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə danışıqlar aparıb
  • Clock-gray 14:32
  • calendar-gray 25 Noyabr 2019

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət komissiyasının 10-cu iclasında iştirak edən "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə də bir sıra görüşlər keçiriblər.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini İqbal Hüseynov, “ADY Konteyner” və “ADY Express” MMC-lərin rəhbərləri Tokioda 10-dan artıq iri yük sahibləri və loqistik şirkətlərinin rəhbər heyəri ilə danışıqlar aparıblar. “HİS Corporation”, “Nippon Freight Railüay Co”, “Nissin Corporation”, “Toyo Trans Corporation” kimi iri biznes nümayəndələri ilə yanaşı, Azərbaycan Dəmir Yollarının nümayəndə heyəti Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat nazirliyində də maraqlı görüşlər keçiriblər.

Məlumata əsasən, aparılan danışıqlarda Azərbaycanla Yaponiya arasında nəqliyyat, logistika və dəmir yolları vasitəsi ilə yükdaşımalar sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və ADY-nın, “Transsibir daşımaları üzrə Koordinasiya Şurası” beynəlxalq assosiasiyanın tamhüquqlu üzvü olduqdan sonra Uzaq Şərq regonu və regionun aparıcı ölkələrindən olan Yaponiyadan, Türkiyə, Cənubi Avropa və Balkan ölkələri, eyni zamanda Aralıq dənizi hövzəsi ölkələrinə yüklərin nəqli məsələsi diqqəti cəlb etməyə başladı. Azərbaycan dəmiryolçularının təklif etdiyi marşrut, Yaponiya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutudur. Belə ki, yüklər Yaponiyadan bərələr vasitəsi ilə Rusiyanın Vladivostok şəhərinə çatdırılacaq, oradan isə dəmir yolu, Transsibir maqistralı ilə yoluna davam edəcək. Rusiyadan sonra yüklərin Azərbaycana, Gürcüstana və Bakı-Tbilisi-Qars dəmir yoli xətti ilə Türkiyəyə və daha sonra Avropaya nəqli təklif edildi. Təkçə ötən il ərzində, Transsibir maqistralı ilə daşınan tranzit yüklərin 30 faizi Yaponiyadan nəql olunan yüklərin payına düşüb. Bu xəttə yük qatarlarının sürəti sutkada 1100 km olduğundan, və yaxın zamanlarda sürətin daha da artırılacağını nəzərə alaraq, Azərbaycan dəmiryolçularının təklifləri bir sıra üstünlüklərinə görə Yaponiya biznes dairələri tərəfindən maraqla qarşılanıb. Azərbaycanın təşəbbüskarı olduğu, yeni nəqliyyat marşrutunun – “Şimal – Qərb” dəhlizinin, digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda Vladivostok-Bakı-Avropa marşrutu ilə yüklərin nəqli 21 günə həyata küçirilirsə, Süveyş kanalı vasitəsi ilə həmin yüklərin daşınması 45 günə mümkündür. Yaxın gələcəkdə maqisrtalda sürət artdıqca, Şimal-Qərb marşrutu ilə yüklərin nəqlini 17 günə həayata keçirmək mümkün olacaq. Nəzərə alınsa ki, Yaponiya ilə Avropa Birliyi arasında illik yük dövriyyəsi 15 mln tondan artıqdır, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutuna həmin yüklərin bir qismini cəlb etmək mümkün olacaq.

Tokioda aparılan danışıqlarda, yüklərin nəqli mexanizmləri, tariflər, tranzit vaxtı və digər mühüm məsələlər müzakirə olunaraq, əlaqələrin yaxın zamanlarda davam etdirilməsinə dair qərarlar qəbul olunub. Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date