Azərbaycanın innovativ inkişafı ilə bağlı strategiya hazırlanır

Azərbaycanın innovativ inkişafı ilə bağlı strategiya hazırlanır
  • Clock-gray 12:36
  • calendar-gray 16 Dekabr 2020

Azərbaycanın innovativ inkişafı ilə bağlı yeni strategiya hazırlanır.

"APA-Economics"in məlumatına görə, bunu İnnovasiya həftəsi çərçivəsində keçirilən "Made in Azerbaijan: "İnnovasiyalar və Texnologiyalar" onlayn forumunda çıxış edən Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu gün İKT məhsulları bazarında ciddi rəqabət mövcuddur. Əsasən də ABŞ və Çin şirkətləri dünya bazarında elmi tədqiqatlarda və innovativ məhsul və texnologiyalar istehsalında ciddi dominantlığa malikdir.

"Belə bir şəraitdə bazarlara çıxış ildən-ilə çətinləşir. Bu səbəbdən milli iqtisadiyyatın inkişafında rəqabət qabiliyyətli məhsul və xidmətlərinin payının artırılması ölkəmizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. "Made in Azerbaijan" brendli məhsullar artıq dünya bazarlarına çıxarılır. Məqsədimiz – bu məhsullar sırasında yüksək texnoloji innovativ məhsullarının da olmasıdır. Bu istiqamətdə ölkəmizdə ardıcıl addımlar atılmaqdadır", - deyə E. Vəlizadə qeyd edib.

Nazir müavini əlavə edib ki, ölkə başçısı tərəfindən "Made in Azerbaijan"la bağlı imzalanan fərman və sərəncamlara uyğun olaraq, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın, xüsusən də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması üzrə işlər görülməkdədir: "Yeni məhsul və istehsal texnologiyalarının yaradılmasına, inkişaf etdirilməsinə, yerli şirkətlərin xarici ölkələrdə sertifikat və patent almasına, qeyri-neft məhsullarının "Made in Azerbaijan" adı altında tanıdılmasına və onların təşviqi məqsədilə beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakına və bu kimi fəaliyyətlərə dövlət tərəfindən dəstək verilir. Həmçinin, ixracda vergi və gömrük güzəştləri tətbiq edilir. Bütün bunlar ölkəmizin rəqabət qabiliyyətliliyini artırır".

E. Vəlizadənin fikrincə, bu gün dünya üzrə innovativ ölkələrin siyahısına baxdıqda, bu ölkələrin ixracında yüksək texnoloji innovativ məhsullarının payının yüksək olduğunu görmək olar. Buna görə də, Azərbaycanda ideyaları məhsul və xidmətlərə çevirərək bazara çıxarılmasına xidmət edən innovativ sistemin qurulması əsas məqsədlərdədir.

"Bu məqsədə çatmaq üçün kompleks və ardıcıl addımlar atılır, sənaye və texnoloji parklar, fondlar yaradılır, güzəştlər tətbiq edilir. Strateji yol xəritələri, müxtəlif proqramlar qəbul edilir, institusional islahatlar aparılır, innovasiya ekosisteminin inkişafına dəstək verilir. İnnovasiyaların təşviqi məqsədilə hazırda keçirilən "İnnovasiyalar həftəsi", "İnnovasiya festivalı", "İdeyadan biznesə" kimi müxtəlif tədbirlər keçirilir. Bu gün ölkədə publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan hüquqi şəxslərin illik mənfəətinin müəyyən hissəsini innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı hüquqi baza formalaşdırılıb", - nazir müavini bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər