Bakının bəzi kritik obyektlərində eksperimental monitorinqlər aparılacaq

Bakının bəzi kritik obyektlərində eksperimental monitorinqlər aparılacaq
# 04 fevral 2021 15:11 (UTC +04:00)

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Bakının bəzi kritik obyektlərində (xəstəxanalar, qocalar evləri, təhsil və elmi tədqiqat müəssisələri, kitabxanalar və s.) akustik çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə eksperimental monitorinqlərin aparılması planlaşdırılır.

Bunu "APA-Economics"ə İnstitutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev deyib.

Onun sözlərinə görə, monitorinqlərin elmi-nəzəri və elmi-texniki problemlərinin araşdırılması İnstitutun cari ildə görüləcək elmi-tədqiqat fəaliyyətinə daxil edilib ki, bu məqsədlə zəruri avadanlıqların alınması da nəzərdə tutulur.

"Görüləcək işlər çərçivəsində obyektlərdə akustik küydən mühafizə tədbirlərinin müəyyənləşdirilməsi metodikasının işlənməsi planlaşdırılır. Bununla yanaşı, akustik küy idarəçiliyi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və müqayisəli analizin aparılması da nəzərdə tutulur", - deyə B. Ağayev qeyd edib.

Qeyd edək ki, dünya praktikasında bu sahədə beynəlxalq işlək mexanizmlər və standartlar var ki, onlar küy normalarının təsbit edilməsinə, monitorinq prosesinin aparılmasına, küy çirklənməsinin azaldılması məqsədilə mühafizə tədbirlərinin görülməsinə və s. tələbləri müəyyən edir. Belə ki, akustik küyə dair Avropada 500-ə yaxın təlimat, milli və beynəlxalq standart mövcuddur. Azərbaycanda isə təxminən 40-a yaxın Rusiya standartları istifadə olunur, lakin onları mükəmməl saymaq olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR