Nazir Ramin Quluzadə "Alibaba Group"un nümayəndələri ilə görüşüb - FOTO

Nazir Ramin Quluzadə "Alibaba Group"un nümayəndələri ilə görüşüb - FOTO
# 01 sentyabr 2020 15:41 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Alibaba Group” şirkətinin nümayəndələri ilə video-bağlantı formatında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşə Azərbaycan tərəfdən NRYTN-nin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin nümayəndələri qatılıblar.

“Alibaba Group” şirkətini Qloballaşma Ofisinin baş direktoru Sami Fərhad, Beynəlxalq hökumət və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Laurie Luo, direktor müavini, Rəqəmsal ictimai sektorun baş meneceri Şi Feng, Xarici əlaqələr, “Tmall” idxal və ixrac üzrə direktor müavini Tony Çen təmsil ediblər.

Video-tədbirdə çıxış edən nazir “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Azərbaycanda internetin inkişafı haqqında məlumat verən R. Quluzadə bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, əhalinin İKT biliklərinin artırılması, elektron xidmətlərdən istifadənin təşviq edilməsi üzrə müxtəlif layihələr icra olunur.

“Eyni zamanda, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli Fərmanı ilə “Hökumət buludu” (G-cloud) Konsepsiyası qəbul olunub”, - deyə Ramin Quluzadə qeyd edib.

Nazir onu da bildirib ki, 2016-cı ildən “Azərpoçt” MMC-nin ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində 2016-cı ildən “Azərpoçt” MMC tərəfindən Çin Xalq Respublikasından sifariş olunan elektron ticarət məhsullarının Azərbaycanın “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq ölkəmizə gətirilməsi və poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılması təmin edilir.

Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.

“Alibaba Group”un nümayəndəsi tərəfindən şirkətin “Alibaba Cloud Computing” və “Tmall.com” bölmələri üzrə təqdimat olunub.

Qeyd edək ki, “Alibaba Group” şirkəti elektron ödəmə xidmətləri, alış-veriş axtarış motorları və “bulud” hesablama xidmətləri də daxil olmaqla, istehlakçıdan istehlakçıya (C2C), biznesdən istehlakçıya (B2C) və veb-portallar vasitəsilə biznesdən biznesə (B2B) satış xidmətləri təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR