Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi İrana 1,5 mlrd. dollara başa gələcək

Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi İrana 1,5 mlrd. dollara başa gələcək
  • Clock-gray 12:33
  • calendar-gray 27 Dekabr 2019

"Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsinin təkmilləşdirilməsinə İranın 1,5 mlrd. ABŞ dolları vəsaitə ehtiyacı var".

Bunu İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin baş direktoru və yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında deyib.

O bildirib ki, bu məbləğin 1 mlrd. dolları layihənin icrasına və 500 mln. dolları isə dəmir yolunun tikildiyi ərazilərdə yerləşən kənd təsərrüfatı ərazilərinin alınması üçün torpaq sahiblərinə ödəmək üçün lazımdır.

Rəşt şəhərində Astara istiqamətində dəmir yolu xəttinin tikintisi aparılan ərazilərdə yerləşən əkin sahələrinin qiymətinin yüksək olduğunu deyən X. Xadimi bildirib ki, Şimal-Cənub dəhlizinin əsas hissəsi olan 175 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin  tikintisi İran üçün prioritet məsələdir: "Dəmir yolunun bu hissəsi təkmilləşərsə Bəndər Abbas limanı Astaraya və Azərbaycana, daha sonra isə Avropaya birləşəcək. Azərbaycan və İran bu dəhlizin təkmilləşməsində maraqlıdır. Hazırda mövcud dövlət vəsaitindən əlavə layihənin təkmilləşməsi üçün daxili və xarici vəsaitlərindən də istifadə etməyə çalışırıq".

X. Xadimi bildirib ki, hazırda layihənin icrası üçün podaratçı şirkətin təyin olunması istiqamətində işlər gedir: "İstəyirik, seçiləcək podaratçı şirkət layihənin tikintisinə sərmayə yatırsın".

İran dəmir yollarının İraqın dəmir yollarına birləşdirilməsi məsələsinə toxunan X. Xadimi onu da bildirib ki, bunun üçün İraq daxilində 32 kilometr dəmir yolu xətti tikilməlidir: "Bu dəmir yolu xətti tikilərsə İran Şələmçə sərhədi vasitəsilə İraqa birləşəcək. Əldə olunmuş razılığa əsasən, bu dəmir yolunu İran tərəfi tikəcək. Hazırda dəmir yolu xəttinin tikilməsi istiqamətində birinci faza çərçivəsində təhqiqat işləri aparılır".

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date