Bakıda aviasiya təhlükəsizliyi üzrə Koordinasiya Şurasının müşavirəsi keçirilib

Bakıda aviasiya təhlükəsizliyi üzrə Koordinasiya Şurasının müşavirəsi keçirilib
# 05 sentyabr 2019 17:56 (UTC +04:00)

Bakıda Dövlətlərarası Aviasiya Komitəsi ilə Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən aviasiya təhlükəsizliyi sahəsində koordinasiya Şurasının müşavirəsi keçirilib.

Azərbaycan Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyindən “APA-Ecomonics”ə verilən məlumata görə, müşavirədə 6 ölkənin nümayəndələri və 2 regional təşkilatın mütəxəssisləri iştirak edib. Azərbaycan tədbirdə Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi və Hava Nəqliyyatında Baş Polis İdarəsinin nümayəndələri ilə təmsil olunub.

Tədbirdə “Aviasiya təhlükəsizliyinin təmini üzrə ICAO-nun Qlobal Planı” və bu istiqamətdə üzv dövlətlər tərəfindən tərtib ediləcək yol xəritəsi müzakirə edilib. Mülki aviasiyada terrorçuluğa qarşı mübarizə formaları haqqında ətraflı danışılıb.

Özbəkistan və Azərbaycan tərəflərinin müraciətlərinə əsasən, 2016-2019-cu illərdə ICAO tərəfindən audit keçirilmiş ölkələrin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının nümayəndələri auditə hazırlıq, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması üzrə tövsiyə xarakterli geniş məlumat verib.

Azərbaycanda aviasiya təhlükəsizliyinin təmini üzrə Dövlət Proqramının və yeni qaydaların layihələri, həmçinin ölkənin hava limanlarında Daxili İşlər Nazirliyinin struktur bölmələri ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi arasında qarşılıqlı fəaliyyət və keçirilmiş birgə tədbirlər barədə ətraflı məlumat verilib.

Müşavirə iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizlik sistemi ilə tanış olub, habelə Aviasiya Təhlükəsizliyi Baş İdarəsində sahələr üzrə müxtəlif görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR