Azərbaycan aeroportlarında sərnişin axını kəskin artıb

Azərbaycan aeroportlarında sərnişin axını kəskin artıb
# 11 yanvar 2022 18:06 (UTC +04:00)

2021-ci ilin yanvar ayından dekabr ayınadək Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviadaşımalarının dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur.

Sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas aviadaşıyıcıları – AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşınmışdır.

Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2%, “Buta Airways”in payına isə 10,9% düşüb.

Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.

Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistana uçuşlar həyata keçirir.

Açılışı 2021-ci ildə Füzuli şəhərində baş tutan, işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı ilk hava limanına həyata keçirilən reyslərdə 675 sərnişinə xidmət göstərilib.

Eyni zamanda AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 6,3% çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57%-ni təşkil edir. Azərbaycan hava limanlarında uçuş və eniş zamanı daha 34 min təyyarəyə xidmət göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR