Azərbaycan Beynəlxalq Bankının "IBA Tech" Akademiyası fəaliyyətə başlayıb

Azərbaycan Beynəlxalq Bankının "IBA Tech" Akademiyası fəaliyyətə başlayıb
# 16 oktyabr 2019 14:30 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının yaratdığı” IBA Tech” Akademiyasında sosial layihə kimi nəzərdə tutulmuş ilk intensiv “bootcamp” kurslarına start verilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tələbələr sentyabrın 9-dan 30-a qədər davam edən qəbul prosesi zamanı onlayn ərizə göndərən namizədlər arasından seçilib. Qəbul prosedurunun bütün mərhələlərini uğurla keçən namizədlər kurslarda iştirak hüququ qazanıb.

Qəbul prosesində fiziki məhdudiyyətli şəxslərə də bərabər imkanlar mühiti yaradılıb. Müraciət edən 15 fiziki məhdudiyyətli gəncdən 3 nəfəri qəbul mərhələlərində göstərdiyi yüksək nəticələrə uyğun olaraq Akademiyaya qəbul edilib. Beləliklə, “IBA Tech” Akademiyası inklüziv təhsil mühitində fəaliyyətə başlayıb. Akademiya tələbələrinin orta yaş həddi 24 yaşdır. Tələbələrin 21%-i xanımlardan ibarətdir.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yaradıb. Burada məqsəd ölkənin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsizdir.

“IBA Tech” Akademiyasında təşkil olunan ilk intensiv “bootcamp” kursları ölkənin əmək bazarında proqramlaşdırma üzrə xüsusilə böyük tələbat olan “FrontEnd” və “BackEnd” istiqamətlərini əhatə edir. “IBA Tech” Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi, 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Dəqiq elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli alimlərimiz Lütfizadə və Azad Mirzəcanzadənin xatirəsinə hörmət əlaməti olaraq Akademiyanın 2 auditoriyasına “Lütfizadə” və “Mirzəcanzadə” adları verilib.

Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.

Qeyd edək ki, yaxın vaxtlarda “IBA Tech” Akademiyasına yeni proqramlar üzrə də qəbul nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR