Belarus yükdaşıyıcıları Gürcüstandan çıxmaq üçün Azərbaycandan keçəcək 

Belarus yükdaşıyıcıları Gürcüstandan çıxmaq üçün Azərbaycandan keçəcək 
# 07 iyun 2022 13:46 (UTC +04:00)

Belarus yükdaşıyıcılarına Gürcüstandan çıxmaq üçün alternativ marşrutlar seçmələri, xüsusən də Azərbaycan ərazisindən keçən marşrutlardan istifadə etmələri tövsiyə olunub.

APA-Economics” Belarus mətbuatına istinadən xəbər verir ki, yükdaşıyıcılara Tbilisi (Gürcüstan) - Qırmızı Körpü keçid məntəqəsi (Gürcüstan - Azərbaycan) - Samur keçid məntəqəsi (Azərbaycan) - Yaraq-Kazmalyar keçid məntəqəsi (Rusiya) - Qomel (Belarus) marşrutu üzrə hərəkət etmələri məqsədə uyğun hesab edilir. Bu marşrut 1 min kilometr daha uzundur və təxmini sərhədi keçmə vaxtı bir həftəyə qədər uzana bilər.

Belarusun Gürcüstandakı səfirliyinin məlumatına görə, Gürcüstandan (Dariali) Rusiyaya (Yuxarı Lars) getmək üçün növbələr 100 kilometrdən çoxdur və onlar artmaqda davam edir. Gözləmə müddəti 3-4 həftə və ya daha çoxdur.

Gürcüstan ərazisindən yükdaşımaların artmasına səbəb, ərzaq məhsullarına tələbatın artması, kənd təsərrüfatı məhsulları mövsümünün başlanması, ticarət əməkdaşlığın artması, eləcə də Ukrayna limanları vasitəsilə malların tranzitinin mümkünsüzlüyü kimi amillərin olduğu bildirilir.

Səfirlik yuxarıda qeyd olunan halları nəzərə alaraq, Yuxarı Lars vasitəsilə geri qayıtmağı planlaşdıran nəqliyyat vasitələrinin sürücülərinə ərzaq, su, dərman və gigiyena vasitələri ehtiyatına malik olmağı tövsiyə edir. Bundan əlavə, yük daşıyıcılarına mümkün qədər nağd pul və ya “Belarusbank”ın kartlarını götürmələri tövsiyə olunur, çünki hazırda Gürcüstanda bir çox Belarus bankının kartları ödəniş üçün qəbul edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR