Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq

Məktəblilərin davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti bərpa olunacaq
  • Clock-gray 18:01
  • calendar-gray 13 Sentyabr 2019

Oktyabrın 1-dən etibarən orta məktəb şagirdlərinin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidmətinin göstərilməsi bərpa olunacaq.

Bu barədə "APA-Economics"ə “Mobile Solutions & Marketing Technologies” şirkətindən (xidmətin operatoru) bildirilib.

Qeyd edək ki, xidmət yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq dayandırılıb. 

“Məktəblərdə cari dərs ili 16 sentyabrda başlayacaq. Yeni dərs ilinin əvvəlində dərs cədvəli formalaşır ki, o sonradan sistemin elektron məlumat bazasına inteqrasiya edilir. Bu iş müəyyən vaxt tələb etdiyi üçün xidmət gələn ayın əvvəlindən yenidən valideynlərin istifadəsinə veriləcəyi gözlənilir”, - deyə şirkətdən bildiriblər.

Hazırda qeyd olunan xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (“Bakcell”, “Azercell” və “Nar”) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date