"YapıKredi Bank"ın səhmdarı İtaliyanı defolta sürükləyir - ARAŞDIRMA

"YapıKredi Bank"ın səhmdarı İtaliyanı defolta sürükləyir - <span style="color: red;">ARAŞDIRMA
# 11 iyul 2016 09:29 (UTC +04:00)

Dünya bazarları "Brexit" (Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendum - red.) şokundan ayılmamış üfüqdə yeni ciddi problem görünməyə başlayıb. Bu dəfə İtaliyanın bank sektoru qlobal maliyyə sektoru üçün ciddi risk yaradıb. "Wall Street Journal" nəşri yazır ki, İtaliyanın bak sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşlarında payı 17%-ə çatıb. Mütləq ifadədə italyan banklarının problemli aktivlərinin ümumi həcmi 360 mlrd. avrodur ki, bu da ölkə ÜDM-nin ¼-nə bərabərdir.

PROBLEMİN KÖKÜ

Hər şey dünyanın ən qocaman bankı olan "Monte dei Paschi di Siena"nın problemlərlə üzləşməsindən başlayıb. Bu bank aktivlərin həcminə görə İtaliyanın üçüncü ən iri bankıdır. Lakin bankın aktivlərinin təxminən 30%-i problemlidir. İyulun 4-də Avropa Mərkəzi Bankı qocaman bankın qarşısında 2018-ci ilədək problemli aktivlərin həcmini 24,4 mlrd. avrodan 14,6 mlrd. avroyadək azaldılması tələbini qoyub. Bu bəyanatdan sonra bankın səhmləri təxminən 30% ucuzlaşdı. Bunun ardınca digər iri banklar dəyərdən düşməyə başladı: "Intesa Sanpaolo"nun səhmləri 5,6%, "UniCredit"in ("YapıKredi Bank Azərbaycan" QSC-nin səhmdarı - red.) səhmləri isə 3% ucuzlaşdı. Bu dövr ərzində İtaliyanın fond indeksi FTSE MIB 1,45% çökdü. Paralel olaraq, ümumavropa indikatoru olan "Stoxx 600" 1,7% dəyərdən düşdü. İtaliyanın 10 illik dövlət istiqrazları 3 bənd artaraq 1,19%-ə çatdı.

Sözsüz ki, bu cür məsələlərdə də siyasi amil sezilir. Vəziyyəti qəlizləşdirən Avropa İttifaqı rəhbərliyi ilə rəsmi Roma arasındakı fikir ayrılığıdır. İtaliyanın baş naziri Matteo Rensi deyir ki, yerli banklar ciddi problemlə üzləşərsə, hökumət onlara dövlət büdcəsi hesabına dəstək verməyə hazırdır. Rəsmi Brüssel isə Rensinin yanaşmasını düzgün hesab etmir. Brüssel bu məsələdə haqlı tərəf kimi görünür. Ən azından sonra görə ki, İtaliyanın maliyyə resursları sərhədsiz deyil. Ölkənin suveren borcunun həcmi ÜDM-in 140%-ini təşkil edir. Bu göstərici üzrə İtaliya yalnız Yunanıstandan gedir qalır.

Avqust-sentyabr ayları ərzində İtaliya 115 mlrd. avro həcmində xarici borc qaytarmalıdır. Bunu nəzərə alan İtalyan hökuməti yeni maliyyə strukturunun yaradılması üzərində işləyir. Həmin struktur banklardan 50 mlrd. avroluq toksik aktivlərin alınması ilə məşğul olacaq. Ölkədəki kredit köpüyünün həcmini nəzərə alsaq atılacaq bu addım bank sisteminin bütün problemlərini həll etməyəcək.


TƏHLÜKƏNİN MİQYASI

İtaliyanın bank sektorundakı böhran bütövlükdə Avrozonanın bank sektoru üçün irimiqyaslı riskdir. Maraqlıdır ki, problem Avropa iqtisadiyyatında dirçəlişin ilk simptomları görünən zaman üzə çıxdı. Baş verə biləcək böhran vəziyyət çox çətinləşdirəcək. İtaliyadakı böhrandan daha çox İspaniya və Portuqaliya əziyyət çəkə bilər. Çünki bu ölkələrdə iqtisadi qeyri-stabillik zaman-zaman üzə çıxır.

Bəzi analitiklər isə hesab edir ki, italyan bank sektorunun çökmə riski həddən artıq şişirdilib. Əslində, bu fikirlə də razılaşmaq olar. Nə qədər olmasa da, "Super Mario" kimi tanınan Mario Draqinin rəhbərlik etdiyi Avropa Mərkəzi Bankı mənfi uçot dərəcəsi ilə banklara istənilən həcmdə likvidlik verə bilər. Bundan başqa, "Brexit"dən sonra Avropa İttifaqının rəhbərliyi maliyyə bazarlarında növbəti təlatümlərin baş verməsində maraqlı deyil. Buna baxmayaraq, qısamüddətli perspektivdə italyan bank sektorundakı problemin bazarları dalğalandıracağı heç kəsdə şübhə doğurmur.

İNVESTORLARIN ÇIXIŞ YOLU

Maraqlıdır ki, İtaliyanın bank sektorundakı problemlər yalnız risk yaratmır, eyni zamanda yaxşıca qazanmaq imkanı verir. Belə ki, birja analitikləri İtaliya bank sektorunun xilasına inanır və bu səbəbdən "UniCredit", "Intesa SanPaolo", "Deutsche Bank" və "Commerzbank" kimi bankların səhmlərinə yatırım etməyi tövsiyə edir. Sadə dillə desək, İtaliyanın bank sektorunda problemlər həll olunandan sonra bu bankların səhmləri bahalaşacaq. Bununla yanaşı, treyderlər qızıl və G10 ölkələrinin suveren istiqrazlarına da yatırım etməyi məsləhət görür. Yox, investorlar İtaliyada defoltun olmasından narahatdırsa, o zaman bircə çıxış yolu var: qızıl, ABŞ-ın qiymətli kağızları, dollar kimi maliyyə alətlərinə yatırım etmək. Necə deyərlər, portfeldə bir neçə qorunan alətin olması daha məqsədəuyğundur.

İlkin Əhmədov, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR