ABŞ neft ixracı sahəsində 1 əsrlik rekorda imza atıb: bazar yeni rekord gözləyir - TƏHLİL

ABŞ neft ixracı sahəsində 1 əsrlik rekorda imza atıb: bazar yeni rekord gözləyir - <span style="color: red;">TƏHLİL
# 08 iyul 2016 09:11 (UTC +04:00)

ABŞ bu ilin may ayında neft ixracı ilə bağlı rekorda imza atıb. "Reuters" agentliyi ABŞ-ın Siyahıyaalma Bürosunun statistikasına əsasən, superdövlət mayda sutka ərzində 662 min barrel neft ixrac edib ki, bu da 1920-ci ildən etibarən maksimal göstəricidir. Müqayisə üçün qeyd edək ki, apreldə bu göstərici 591 min barrel təşkil edib. Beləliklə, ay ərzində ixrac 12% artıb. Yeri gəlmişkən, aprel ayının göstəricisi rekorddur, lakin 1957-ci ilin rekordu.

Amerikan neftinin əsas alıcısı Kanadadır. ABŞ qonşusuna mayda sutkada 308 min barrel "qara qızıl" satıb. İkinci yerdə Niderland Krallığı (110 min barrel) qərarlaşıb. Amerikan neftinin iri idxalçıları arasında Böyük Britaniya (36 min barrel/sutkada), Yaponiya (29 min barrel/sutkada) və İtaliya (23 min barrel/sutkada) da var.

Əslində, təxminən 1 əsr sonra hər hansı rekorddan danışmaq bir o qədər də korrekt deyil. Ən azından ona görə ki, ABŞ 2016-cı ilin əvvəlində ixracı bərpa edib. Bildiyimiz kimi, ABŞ 1973-cü ildən etibarən neft ixracına embarqo qoymuşdu. Həmin dövrdə Fars körfəzi ölkələri İsrailə yardım edən ölkələrə neft ixrac etməkdən imtina etmişdi. ABŞ-ın qərarı sırf daxili bazarın qorunmasına hesablanmışdı. İxraca embarqo qoyaraq amerikalılar yarana biləcək defisitdən özünü sığortalamaq istəyirdi. Lakin o dövrdən vəziyyət radikal dəyişdi. "Şist inqilab" adlanan proses nəticəsində ABŞ öz neft hasilatını kəskin artıra bildi. Beləliklə, artıq söhbət defisitdən deyil, kəskin profisitdən gedir. Bu isə real təhlükədir...

Hələ ötən il ABŞ prezidenti Barak Obama bildirmişdi ki, embarqonun aradan qaldırılmasına veto qoyacaq. Embarqonun aradan qaldırılmasını yerli neft şirkətləri dəstəkləyirdi. Buna səbəb neftin kəskin ucuzlaşması idi və istehsalçılar bu prosesin onlara vurduğu zərəri ixracla kompensasiya etmək istəyirdi. Lakin ötən ilin dekabrın ortalarında prezident mövqeyini yumşaltdı: Obama neft ixracını nəzərdə tutan 2016-cı ilin dövlət büdcəsini imzaladı.

Maraqlıdır ki, hazırda ABŞ-ın ehtiyatları və hasilatı azalma tendensiyası nümayiş etdirir. İyul ayının 1-ə olan göstəriciyə əsasən, həftə ərzində ABŞ-ın ehtiyatları 2,2 mln. barrel azalıb. Ehtiyatlar artıq 7 həftədir azalma nümayiş etdirir. Eyni zamanda sutkalıq hasilat da 194 min barrel azalıb.

Buna baxmayaraq, artıq ABŞ-da hasilatın artmasına işarə var. ABŞ-ın "Baker Hughes" şirkətinin təqdim etdiyi məlumatlara görə, həftə ərzində ölkə ərazisində quraşdırılan buruqların sayı 2,4% və ya 10 ədəd artaraq 431-ə çatıb. Bir ay bundan öncə ABŞ ərazisində cəmi 408 ədəd buruq var idi. Beləliklə, necə deyərlər, bazar gözlədiyini alır. Neftin 1 barrelinin qiyməti 50 dollara çatdıqda, ABŞ-da fəaliyyəti dayandırılan buruqlar işə düşür, hasilat artır.

Aqşin Rafiqoğlu, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR