Yanvar-sentyabr aylarında Azərbaycanda real pərakəndə dövriyyəsi azalıb

Yanvar-sentyabr aylarında Azərbaycanda real pərakəndə dövriyyəsi azalıb
# 21 oktyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 7,7 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% çoxdur.
Hesabat dövründə pərakəndə dövriyyəsinin 15,9%-i hüquqi şəxslər, 44,6%-i mütəşəkkil təşkil olunan yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslər, 39,5%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.
Pərakəndə ticarət dövriyyəsinin 5 mlrd. manatı ərzaq, 2,7 mlrd. manatı qeyri-ərzaq malların payına düşüb ki, bu da 2007-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 10,2% və 29,6% artıqdır.
Qeyd edək ki, cari ilin üç rübü üzrə Azərbaycanda illik inflyasiya 21,5% təşkil edib. Beləliklə, pərakəndə ticarət dövriyyəsinin real həcmi, qiymətlərin artımı nəzərə alınmaqla, azalıb. Yəni, inflyasiya korrektəsi ilə əhalinin alıcılıq qabiliyyəti azalıb və ötən ilin qiymətləri ilə pərakəndə dövriyyəsi aşağı düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR