«Bank Standard» yanvar-sentyabr aylarında əldə etdiyi uğurlar bağlı mətbuat konfransı keçirib

«Bank Standard» yanvar-sentyabr aylarında əldə etdiyi uğurlar bağlı mətbuat konfransı keçirib
# 28 oktyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev bildirib ki, bu ilin ilk 9 ayında bankın maliyyə göstəricilərində əsaslı artım müşahidə olunub: «Belə ki, son bir il ərzində bankın aktivlərinin həcmi 18% artaraq 660,816 mln. manata, kredit portfeli 36% artaraq 441,570 mln. manata, depozit portfeli isə 10,8% genişlənərək 173,036 mln. manata çatıb».
C.Quliyevin sözlərinə görə, hesabat dövründə bankın ən böyük uğurlarından biri nizamnamə kapitalın 65 mln. manatadək artırılması, həmçinin «T24» proqram təminatının tətbiqindən ibarət olub. «Qeyd etmək istəyirəm ki, nizamnamə kapitalının artırılması nəticəsində, bankımız ölkədə fəaliyyət göstərən banklar sırasında bu göstərici üzrə 3-cü yerə yüksəlib», - deyə C.Quliyev vurğulayıb.
Bankın müştəri xidmətləri departamentinin direktoru Cahangir Axundovun sözlərinə görə isə, təhlil olunan dövr ərzində bank 28 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Həmçinin, «Bank Standard» SKB «Visa İnternational» təşkilatından xidmətlərin göstərilməsi üzrə lisenziya alıb. Bu lisenziya sayəsində bankın POS-terminallarının sayı 392-yə çatıb.
C.Axundov əlavə edib ki, hazırda «T24» proqram təminatının tətbiqinin birinci mərhələsi başa çatmaq üzrədir. Bu proqram təminatı ilə artıq bankın Bakı şəhərində yerləşən 3 filialı və Quba filialı təchiz edilib. Yaxın vaxtlarda Bakıda yerləşən daha 2 filialın da «T24»lə təchiz edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR