Azərbaycan gələn il Beynəlxalq Kredit İttifaqları Şurasına üzv ola bilər

Azərbaycan gələn il Beynəlxalq Kredit İttifaqları Şurasına üzv ola bilər
# 04 noyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayının sonunda Beynəlxalq Kredit İttifaqları Şurasının (WOCCU) ABŞ-da keçiriləcək iclasında Azərbaycanın beynəlxalq quruma üzlüyü məsələsi müzakirəyə çıxarılacaq.
Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, WOCCU-nun bu ilin sentyabrında Hon-Konqda keçirilən iclasında qurum tərəfindən potensial üzvlərdən ibarət yeni kateqoriya formalaşdırılıb və Azərbaycan bu kateqoriyaya daxil edilib.
E.Bağırovun sözlərinə görə, Azərbaycanın quruma üzv olması üçün ilk öncə üzvlük haqqının ödənilməsinə razılıq verməli və WOCCU-nun standartlarını qəbul etməlidir: «Beynəlxalq quruma üzvlük haqqı 5 min dollar təşkil edir. Artıq AKİA tərəfindən beynəlxalq quruma üzvlük haqqının 50% - 2,5 min dollara kimi azaldılması təklifi və auditin nəticələri göndərilib. Ümid edirəm ki, 2009-cu il ərzində Azərbaycan bu qurumun üzvü ola bilər».
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 51-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat təşkil edir.
Ümumilikdə, hazırda dünyada 46 min kredit ittifaqı fəaliyyət göstərir və bunların üzvlərinin sayı 172 mln. nəfərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR