Avşar Gürdal: Gələn il Azərbaycanda NFC ödəmələr 60%-ə çatacaq - MÜSAHİBƏ

Avşar Gürdal: Gələn il Azərbaycanda NFC ödəmələr 60%-ə çatacaq - MÜSAHİBƏ
# 10 yanvar 2023 16:09 (UTC +04:00)

APA-Economics” “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdalla olan müsahibəni təqdim edir:

- Avşar bəy, “Mastercard” hazırda Azərbaycan Mərkəzi Bankı ilə rəqəmsallaşma sahəsində hansı layihələri həyata keçirir?

- Azərbaycan Mərkəzi Bankı iqtisadiyyatın rəqəmsallaşmasına son dərəcə önəm verir. Bu sahədə çox sıx şəkildə iş birliyimiz var. Qlobal texnologiyaların çox sürətlə Azərbaycanda tətbiqinə imkan yaradılır. “Apple Pay” və “Google Pay” bunun ən son örnəyidir. Hər iki rəqəmsal ödəmə sistemlərinin əhali arasında istifadə həcmi 10%-ə çatıb. Mərkəzi Bank dünyada baş verən prosesləri izləyir, bizimlə müzakirələr aparır, Azərbaycanla bağlı planlarımızı dinləyir və bunları nəzərə alaraq bir yol xəritəsi hazırlayır. Azərbaycanda hazırda ticarət əməliyyatlarının 75%-i nağd ödəmələrlə aparılır. Mərkəzi Bankla birgə atılan addımlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin 50%-ə kimi artacağını düşünürəm.

- Bu, nə zaman mümkün olacaq?

- Gözləntilərimizdən daha tez ola bilər. Bir neçə il ərzində nağd və nağdsız ödənişlərin həcminin bərabərləşəcəyini gözləyirik.

- Yeri gəlmişkən, Mərkəzi Bankın yeni menecmenti ilə işləmək planlarınıza hansısa şəkildə təsir edibmi?

- Mərkəzi Bank texnologiyanın inkişaf etdirilməsində çox maraqlıdır. Azərbaycanın rəqəmsallaşdırılmasına fokuslanıb. Yeni menecmentlə açıq dialoq ortamı yarandığını deyə bilərəm, çox yaxşı əməkdaşlıq edirik. Dialoq varsa, inkişaf da var.

- Hazırda “açıq bankçılıq” sahəsində hansı addımlar atılır və hədəfləriniz nədir?

- “Açıq bankçılıq” dünyada trendə çevrilib. Bəzi ölkələr bununla bağlı qanunvericiliyə dəyişiklik edir, bəzi ölkələrdə isə bu özü-özlüyündən formalaşıb, bazarın dinamikası zərurət yaradıb. Məsələn, Türkiyədə yeni reallaşır. Azərbaycanda da qeyd etdiyim ki, qlobal proseslər yaxından izlənilir. Mərkəzi Bankla müxtəlif məsləhətləşmələr aparılıb. Bunun dəyərləndirildiyini deyə bilərəm. Qarşıdakı illərdə “açıq bankçılıq” Azərbaycanda da həyata keçirilə bilər. Bu, bütün bankçılıq ekosisteminə, həm şirkətlərə, həm də müştərilərə təsir göstərir.

“Açıq bankçılıq” həm mühasibatı asanlaşdırır, həm də tək platformadan müxtəlif bank hesablarını idarəetməni təmin edən bir sistemdir. Dolayısı ilə kiçik və orta biznesin rəqəmsallaşmasında, həm də yaradılan data izi ilə kredit məhsullarına əlçatımlılığı təmin edir. Ümumilikdə, “Mastercard” olaraq burada əsas rolumuz hesabdan ödənişləri mümkün edən həllərin reallaşdırılması üçün lazımı texnoloji infrastrukturun yaradılmasından ibarətdir.

- Rusiya-Ukrayka müharibəsi pul köçürmələrinə hansısa şəkildə təsir edibmi?

- “COVİD-19” pandemiyasından sonra dünyada bəzi mədəni dəyişikliklər baş verib. Məsafədən işləmək, fərqli ölkələrlə işləmək, mobil işini buna misal göstərə bilərik. Yaşayış tərzi dəyişib. Artıq insanlar daha çox dünya vətəndaşı olmağa başlayıb. Yəni fərqli millətlər daha fərqli yerlərdə həmin yerə getmədən işləyə bilirlər. İnsanlar daha mobil olduğu üçün pul köçürmələri ilə bağlı tələb də sürətlə artır. Biz də əvvəlcədən bu proqnozlar əsasında pul köçürmələri ilə bağlı həlləri yaratmışıq.

- Pul köçürmələri ilə bağlı yeni xidmətlərinizdə yerli banklarla əməkdaşlıq hansı səviyyədədir?

- Pul köçürmələri ilə bağlı Azərbaycanda dörd bankla əməkdaşlıqla bağlı müqavilə imzalamışıq. Yaxın vaxtlarda daha 3 bankla da analoji razılaşmanın əldə olunması gözlənilir. Şübhə etmirik ki, bütün banklar buna qoşulacaq. Bu bankların sayının çox sürətlə artacağı gözlənilir. Çünki çox böyük tələb var. Təklif etdiyimiz həll xaricə pul köçürmələrini sürətləndirən, xidmət haqqını azaldan və əvvəlcədən açıqlayan, istehlakçıya şəffaflığı təmin edən sistem olduğu üçün dünyada uğurlu olub. Azərbaycanda da eyni tələblə qarşılaşmışıq.

- Azərbaycanda fintex şirkətlərinin fəaliyyəti getdikcə genişlənir. “Mastercard” yerli bazarda hansısa şirkətlərlə əməkdaşlığı planlaşdırırmı?

- Azərbaycan əhalinin texnologiyaya uyğunlaşması o qədər yüksəkdir, yeniliyə o qədər açıqdır ki, yerli oyunçularla yanaşı, qlobal və Türkiyədən olan oyunçuların bu ekosistemə ciddi tələbi yaranıb. Fintex sahəsində Azərbaycan bazarına çoxlu yeni oyunçuların daxil olacağını gözləyirik. Biz də fintexlərlə iş birliyi şəklində fəaliyyətimizə davam edirik. Əslində biz də texnologiya şirkətiyik. Texnologiyanı demokratikləşdiririk. Yeni yaradılan kiçik şirkətlə də, böyük şirkətlərlə də kart buraxılması sahəsində əməkdaşlıq edirik. Başqa sözlə, yeni oyunçuların sürətlə bazara daxil olmasını təmin edəcək alt infrastrukturu onların istifadəsinə veririk.

- Hazırda əsas trendlərdən biri də rəqəmsal valyutaların yaradılmasıdır. Ölkələr bunun üzərində çalışır. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir. “Mastercard”ın rəqəmsal manatın yaradılmasına hansısa qatqısı ola bilərmi?

- Qeyd etdiyim kimi, Mərkəzi Bankla bir çox məsələdə fikir mübadiləsi aparırıq. Biz onlarla müəyyən məsələləri müzakirə edirik, lazım olanda onlar “Mastercard”ın qlobal bazar üzrə ekspertləri ilə görüş keçirirlər. Rəqəmsal manata gəldikdə, hazırda bu sahədə hər hansı bir əməkdaşlığımız yoxdur, amma müzakirə edilən məsələlər arasındadır.

- Bakı-Sumqayıt qatarlarında “Mastercard” bank kartlarında ödənişlə bağlı problem yaranmışdı. Halbuki rəqib ödəniş sistemlərinə aid kartları çox rahatlıqla istifadə etmək mümkündür. Problem nədən qaynaqlanır?

- Ekvayer bank və ona xidmət göstərən təşkilat arasında yaranan problem “Mastercard”la bağlı bank kartlarında ödənişi çətinləşdirib. Kart qəbulunu təmin edən yerli bankla ona xidmət göstərən təşkilatın birgə təkmilləşdirməyə ehtiyacı yaranıb. Hazırda ekvayer bank və əlaqəli şirkətlə problemin həlli üzərində çalışırıq. Qısa zamanda bu məsələ həllini tapacaq.

- Azərbaycan iqtisadiyyatının texnoloji həllərə sürətlə adaptasiya olduğunu dediniz. Təmassız ödəmələrlə bağlı qarşıdakı illər üçün proqnozunuz necədir?

- Mobil təmassız ödəmələr, “Apple Pay” və “Google Pay” iqtisadiyyatın rəqəmsallaşmasında çox önəmli rol oynayır. Bizim apardığımız araşdırmaya görə, pul qabını itirdiyinizi fərq etməyiniz təxminən 5 saat vaxt ala bilər, amma mobil telefonunuzu itirdiyinizi anlamağınız cəmi 45 dəqiqə çəkir. Bu isə o deməkdir ki, mobil telefonlar artıq həyatımızın təməl bir hissəsinə çevrilib. Ödənişləri telefonla etməyə başladığımız zaman əslində bu vərdiş ödəmələrin rəqəmsallaşması baxımından çox önəmli bir addıma çevrilir. Ödənişlərin rəqəmsallaşması Mərkəzi Bankla yanaşı, “Mastercard” üçün də prioritetdir. Bu sahədə proqramlarımızı genişləndirməyə və yatırım etməyə davam edəcəyik. Mağazalarda, restoranlarda müxtəlif xidmət sahələrində müştərilərin endirimlərdən faydalanmasına şərait yaradan proqramların, NFC ödəmələrin genişləndirilməsini hədəfləyirik. Bizim gözləntilərimizə görə, 2023-cü ildə NFC ödəmələr 10%-dən 30%-ə kimi artacaq. Amma artım həcmi bundan da çox ola bilər. Əhalinin 30%-i bir yeniliyə uyğunlaşırsa, bunun 30%-dən 70%-ə kimi artımı çox sürətlə baş verir. Ona görə də 2024-cü ildə “Apple Pay” və “Google Pay” üzərindən ödəmələrin 60%-ə kimi artacağını gözləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR