Bankların inzibatçılarına dair tələblər dəyişir

Bankların inzibatçılarına dair tələblər dəyişir
# 05 iyun 2023 10:11 (UTC +04:00)

Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçılarına dair tələblər dəyişir

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, inzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:

- bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin, yaxud təhsilindən asılı olmayaraq maliyyə idarələrində fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı verən iş təcrübəsinin olması;

- bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və filiallarının rəhbərləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;

- bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün - ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir. Bankın baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.

- bank şöbəsinin inzibatçısı üçün - ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti sahəsində 6 aylıq iş stajının olması.

Bank və ya yerli filialı olan xarici bank, bankın və ya xarici bankın yerli filialının inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində maliyyə bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda qanunda nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Maliyyə bazarlarına nəzarət orqanı bildirişə dair öz münasibətini 30 təqvim günü müddətində banka və ya xarici bankın yerli filialına bildirməli, bu maddədə nəzərdə tutulan hallarda isə inzibatçıların attestasiya vaxtını təyin etməlidir. Bu müddətdə müraciətçiyə bildiriş göndərilməzsə, inzibatçının namizədliyinə müsbət baxılmış hesab olunur.

İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanımla müəyyən edilmiş tələblərə cavab vermədikdə maliyyə bazarlarına nəzarət orqanı onların dəyişdirilməsini tələb edir.

Bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər. Bu təyinatlara maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar. Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.

- Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.

Layihəyə əsasən, inzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:

- bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;

- bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;

10.3.3. yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;

- bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;

- bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);

- bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.

- baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.

Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.

Nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların qanunun müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.

Nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR