Deputat əmanətlərin vergiyə cəlb olunmasının banklar üçün problem yarada biləcəyini düşünür

Rüfət Quliyev

© APA | Rüfət Quliyev

# 24 fevral 2023 17:30 (UTC +04:00)

“Azərbaycanda 7 il idi ki, əmanətlərin vergiləri ilə bağlı moratorium vardı. Bu, öz müsbət rolunu oynadı”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.

Rüfət Quliyev deyib ki, 2016-cı ildən bu günə qədər banklarda əmanətlər 6 milyard manatdan 12 milyard manata qədər artıb: “Bu, Azərbaycan manatına, Azərbaycan banklarına inamı artırdı. İndi əmanətlərin vergiyə cəlb edilməsinə qoyulan moratoriumun vaxtı bitib. Əmanətdən gələn qazanca verginin tətbiqi söhbəti var. Biz bu barədə düşünək. Biz Mərkəzi Bankın fikrini öyrənmək istəyirik. Çünki məsələ insanlara aydın deyil, onların bir çoxu əmanətlərini banklardan çıxarır. Bu da o deməkdir ki, yaxın vaxtlarda yenə də bəzi banklarda çətinliklər yarana bilər. Bunun üzərində düşünmək lazımdır. Ümumi məlumat almışam ki, il ərzində əmanətlərdən verginin həcmi 49-50 milyon manatdır. Başa düşürəm ki, bu, vergilər baxımından müəyyən qədər vəsaitdir. Amma başqa mənbələrdən bu vergini çox rahatlıqla təmin etmək olar”.

Deputat qeyd edib ki, Azərbaycanda nağdsız ödənişlərə sürətlə keçilməsi ilə bağlı dövlət başçısının da tapşırığı var: “İnsanlar təzə öyrəşib, kartlardan istifadə edirlər. Amma maraqlı iki fakt var. Bəzi adamlar mənə deyirlər ki, Mərkəzi Bankdan zəng vurub deyirlər ki, sizin hesabınıza pul keçdi, o pulun mənbəyini göstərə bilərsiniz, yoxsa yox? Təzədən kartın sahibi həmin nömrəyə zəng vuranda o nömrəyə düşmək mümkün deyil. Mən başa düşmək istəyirəm ki, Mərkəzi Bankın hansısa təlimatı var ki, onun adından zəng vurub belə suallar verirlər? Digər məsələ də kartlara aiddir. Hansı təlimatla müəyyən məhdudiyyət tətbiq edilir? Tutaq ki, hansısa şəxsin hesabına 7 min, 15 min, yaxud 20 min manat köçür. Bank hesabı blok edir, suallar verirlər. Bilmək istəyirəm ki, Mərkəzi Bankın, maliyyə qurumlarının hansısa təlimatı varmı? Varsa, təqdim etsinlər, bu suallar cavablandırılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR