Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib

Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
# 09 sentyabr 2022 14:49 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondunda 8 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutub.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, aksiyada könüllü donor kimi Fondun 100-dən çox əməkdaşı iştirak adib. Fond tərəfindən həyata keçirilən sayca ikinci qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürüb, ardınca isə digər tibbi müayinələri keçiriblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.
Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələr mövcuddur və kütləvi qanvermə aksiyaları onların həyatlarını xilas etmək üçün əvəzolunmaz dəstəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR