Keçən il azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 6 milyard manata çatıb

# 24 may 2023 11:00 (UTC +04:00)

Dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi, işğaldan azad olunmuş ərazilərin bərpası üçün layihələrin maliyyələşdirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırması, dövlət əmlakının özəlləşdirilməsinin və aktivlərinin satışının sürətləndirilməsi 2022-ci il büdcəsinin xərcləri üzrə əsas hədəflərdəndir.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ümumilikdə 4311,0 mln. manat vəsait ayrılıb. 2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 5945,8 mln. manata bərabər olub, bu məbləğdə əvvəlki ilə nisbətən 26,9% artım müşahidə edilib.

Keçən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihələrinin icrasına dövlət əsaslı vəsait qoyuluşundan yönəldilmiş vəsaitin həcmi 467,1 milyon manat olub.

Hesabat ilinin oktyabr ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə icra edilən layihələrə əlavə olaraq 276,0 mln. manat, dekabr ayında isə 100,0 mln. manat, habelə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə icra edilən layihələrə əlavə olaraq 91,0 mln. manat yönəldilib.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə daxil olan layihələrin icrası xərcləri üzrə ilin sonuna icra edilmiş məbləğ 2665,41 mln. manat təşkil edib ki, bu da təsdiq edilmiş göstəricinin 99,8%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR