“KredAgro” BOKT ötən ili əməliyyat zərəri ilə başa vurub

“KredAgro” BOKT  ötən ili əməliyyat zərəri ilə başa vurub
# 17 mart 2023 11:38 (UTC +04:00)

“KredAgro” bank olmayan kredit təşkilatı 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” “KredAgro” BOKT-un maliyyə hesabatlarına istinadən xəbər verir ki, təşkilat 2022-ci ili 284 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, təşkilat 2021-ci ili 1 mln. 438.9 min manat xalis zərərlə başa vurub.

“KredAgro” ötən il müştərilərə 5 mln. 315.7 min manat (2021-ci illə müqayisədə 23% və ya 991.6 min manat çox) kredit verib ki, bunun nəticəsində 1 mln. 109.2 min manat faiz gəlirləri əldə edib. Faiz xərcləri 77 min 280 manat təşkil edən təşkilatın, 2022-ci ildə xalis faiz gəlirləri 10.2% və ya 95 min 535 manat artaraq 1 mln. 31.9 min manata bərabər olub.

Təşkilatın xalis faiz və xalis komissiya gəlirlərinin cəmi 1 mln. 167 min 286 manata, ümumi xərcləri(vergi ödəmələri xaric) isə 2 mln. 311 min 852 manat təşkil edib. Bunun nəticəsində "KredAqro" ötən ili 1 mln. 144 min 566 manat əməliyyat zərəri ilə başa vurub.

Hesabat dövründə "KredAqro" faiz və inzibati xərclərini ciddi şəkildə azaldıb. Ötən il təşkilatın faiz xərcləri 3,2 dəfə azalaraq 77 min manat təşkil edib (2021-ci ildə 248 min manat). Təşkilatın ümumi inzibati xərcləri isə 2 dəfə azalaraq 715 min manata bərabər olub (2021-ci ildə 1 milyon 443 min manat).

2022-ci ildə təşkilatın pul vəsaitlərinin həcmi 2021-ci illə müqayisədə 4.7 dəfə azalaraq 114 min 462 manat təşkil edib. Eyni dövrdə qısa müddətli borc öhdəliklərini 510 min manat artıran "KredAqro"nun uzunmüddətli borcları isə 850 min manat təşkil edib.

Bu dövrdə təşkilatın 1 mln. 019,1 min manat olan əmlak, tikili və avadanlıqları 41.3% azalaraq 598 min manata düşüb. Maraqlı məqam odur ki, 2022-ci ildə təşkilatın əmlak, tikili və avadanlıqları ciddi şəkildə azalmağına baxmayaraq, amortizasiya xərcləri 6.3% artıb.

Hesabat dövründə təşkilatın cəmi aktivləri 15.7% və ya 1 mln. 199.3 min manat artaraq 8 mln. 823.3 min manat, öhdəliklərinin həcmi isə 30.5% və ya 915.2 min manat artaraq 2 mln. 994.5 min təşkil edib.

Ötən il "KredAqro"nun cəmi kapitalı 4 mln. 911.4 min manat təşkil edib ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 6.1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR