Rusiya və İran dollardan imtina edə biləcəkmi? - ŞƏRH

Rusiya və İran dollardan imtina edə biləcəkmi? - ŞƏRH
# 11 iyul 2022 15:01 (UTC +04:00)

İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır. Bu barədə İran Mərkəzi Bankı yaydığı məlumatda bildirmişdi. Bəs, hər iki ölkənin xarici ticarətdə dollardan imtinası mümkündürmü və bu regiondakı ticari əlaqələrə necə təsir göstərə bilər?

"APA-Economics" xəbər verir ki, millət vəkili Vüqar Bayramov mövzunu şərh edərək bildirib ki, hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur:

"Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir".

O qeyd edib ki, İran ilə Rusiya arasındakı ticarət dövriyyəsində reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür:

"Pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 595 milyon dollar olub. Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 faiz artsa da yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərindən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3.3 milyard dollar olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 faiz artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağırışlar qalmaqdadır. Bununla belə, tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür".

Vüqar Bayramov hesab edir ki, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa belə, bu regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək. Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyili suallar var:

"İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr dollardan imtina etməyə çalışsalar da bunu reallaşdıra bilməyiblər. Belə görünür ki, ABŞ valyutasından imtina hətta Vaşinqtonun düşmənləri üçün belə düşünüldüyü kimi asan deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR