Vüqar Gülməmmədov: “Dövlət müəssisələri üzrə yeni mexanizmlər qurulmalıdır”

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 25 may 2022 12:34 (UTC +04:00)

“Ötən illərdə müşahidə edilən və 2021-ci ildə də rast gəlinmiş bir hal kimi qeyd edilməlidir ki, dövlət tərəfindən dəstək mexanizmlərinin tətbiqi çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli və vaxtında istifadə edilməməsi nəticəsində vəsaitlərin bir hissəsi müəyyən olunmuş məqsədlərə istifadə olunmayaraq müvafiq bank hesablarında saxlanılıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, aparılan təhlillər dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xəzinədən kənar əməliyyatların həcminin ilbəil artdığını göstərir: “Bununla bağlı 2 məqam diqqətdə saxlanılmalıdır. Birincisi, xəzinədənkənar əməliyyatların həcminin çox olması gələcəkdə resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdırmaqla xərclərinin maliyyələşdirilməsində çətinliklərə səbəb ola bilər. İkincisi, bu əməliyyatlar, xərc öhdəliklərinin icrasının izlənilməsinə də tam imkan vermir. Qeyd etdiyim bu məsələlər, büdcə vəsaitlərinin son istifadəçiləri üzrə məlumatların yığılması və monitorinqi, eyni zamanda publik hüquqi şəxslər və dövlət müəssisələri üzrə büdcə vəsaitlərinin xəzinə müşayiəti ilə icrasına dair yeni mexanizmlərin qurulmasını vacib edir.

Vüqar Gülməmmədov qeyd edib ki, 2021-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə keçid və infrastruktur layihələr üstünlük təşkil edib, vəsait qoyuluşu xərcləri üzrə nəzərdə tutulmuş xərclərin tam icra edilməməsi xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərdən az istifadə ilə bağlı olub: Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən 31.12.2021-ci il tarixinə debitor borcların məbləği 2,8 mlrd. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 37,7% çoxdur. Hesabat dövrünün sonuna mövcud olan debitor borcun məbləği 2021-ci ildə icra edilmiş cəmi büdcə xərclərinin 10,3%-nə, aidiyyəti xərclərin isə 14,4%-nə bərabərdir. Debitor borcların artan yekunla hesablanaraq əks etdirilməsi səbəbindən debitor borcların icra edilmiş xərclərə nisbəti göstəricisi şərti xarakter daşıyır.

Debitor borcla bağlı iki əsas məqamı qeyd etmək istərdim. Birincisi, il sonuna borcların əvvəlki ilə nəzərən artımı icra edilmiş xərclərin artımını əhəmiyyətli şəkildə (33,9 faiz bəndi) üstələyir və diqqətdə saxlanılmalıdır ki, xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar və bəzi publik hüquqi şəxslərin vəsaitləri üzrə yaranan borclar bu məbləğə daxil deyil. İkincisi, təqdim edilmiş məlumatların analitik prosedurlarla araşdırılması 2021-ci ilin sonuna mövcud olan ümumi debitor borcun minimum 400,0 mln. manatdan çox hissəsinin əvvəlki illərdə yaranmış qabaqcadan ödənişlərlə bağlı olduğunu göstərir ki, yəqin ki cari ildə bununla bağlı tədbirlər görüləcək.

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, hesabat ilində dövlət satınalmalarına cəlb edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə azalsa da, müqavilələrin sayı artıb, əvvəlki illərdə olduğu kimi say baxımından kotirovka sorğusu, məbləğ baxımından bir mənbədən satınalma əhəmiyyətli çəkiyə malik olmaqla müsabiqə əsaslı satınalma metodlarına cəlb edilmiş məbləğdə əvvəlki illə müqayisədə azalma, bir mənbədən satınalma üzrə isə əksinə artım müşahidə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR