"AG Bank" və "NBC Bank"da qorunan əmanətlər üzrə kompensasiyaları qaytaracaq bank məlum olub

"AG Bank" və "NBC Bank"da qorunan əmanətlər üzrə kompensasiyaları qaytaracaq bank məlum olub
  • Clock-gray 13:30
  • calendar-gray 05 İyun 2020

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.

APA-Economics”in Fonda istinadən verdiyi xəbərə görə, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi mümkün olacaq. 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi nəzərdə tutulub. 

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı”  ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Nərmin Rəhimova

Digər xəbərlər