AMB ölkədə nağdlaşdırmanın yüksək olmasının səbəblərini açıqlayıb

AMB ölkədə nağdlaşdırmanın yüksək olmasının səbəblərini açıqlayıb
# 06 aprel 2021 12:53 (UTC +04:00)

Əsas strateji prioritetimiz ölkədə nağdsız cəmiyyətin formalaşdırılmasıdır. Bu istiqamətdə mövcud çətinliklərin aradan qaldırılması üçün aktiv rejimdə çalışırıq.

Bunu "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, ölkədə kredit və debet kartları ilə aparılan əməliyyatların əsas hissəsinin (74%) nağd pulun çıxarılmasının payına düşməsi daha çox sosial ödənişlər fonunda, kütləvi sosial və əməkhaqqı ödənişlərinin nağdlaşdırılması səbəbindən baş verir.

"Bu il daha çox sözügedən istiqamətə fokuslanacağıq. Vətəndaşlarımızı və təsərrüfat subyektlərimizi nağdsız cəmiyyətə gətirmək, stimullaşdırmaq, maarifləndirmək, ümumiyyətlə nağdsız ödəniş vərdişlərinin formalaşdırmağa və onlarda bu nağdsız ödənişlərin həyata keçirilməsinə inam yaratmaq bizim əsas istiqamətlərimizdəndir", - deyə AMB rəsmisi bildirib.

F. Osmanov cari il bu istiqamətdə aparılan xüsusi və rəqəmsallaşma layihələrinin sözügedən statistikanın kifayət qədər daralmasına kömək edəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 4,587 mlrd. manat həcmində ölkədaxili əməliyyatlar həyata keçirilib. Sözügedən əməliyyatların 73,6%-i nağd pulun çıxarılmasının payına düşüb. AMB-in Baş direktoru məhz bu statistikanın yaratdığı suallara aydınlıq gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR