AYİB-in Gəncəyə ayırdığı kreditin təsdiqlənmə tarixi dəyişib

AYİB-in Gəncəyə ayırdığı kreditin təsdiqlənmə tarixi dəyişib
# 15 fevral 2021 13:16 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi (tullantıların toplanması və küçələrin təmizlənməsi üçün maşınlar və konteynerlər) məqsədilə Azərbaycan hökumətinə 10 mln. avro məbləğində kredit ayırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək. Borcalan – Maliyyə Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan hökumətidir.

Kreditin təsdiqlənmə əvvəlcə 15.12.2020-ci il tarixi göstərilsə də, hazırda layihə üzrə kreditin təsdiqi tarixi 9 mart göstərilir. Tarixin dəyişdirilməsinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, layihənin əsas məqsədi – Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasıdır. Hazırda layihə konsepsiya yoxlamasından keçib və yekun yoxlamanı gözləyir.

Bu ilin mart ayında AYİB Azərbaycan hökuməti ilə Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank uğurlu şəhər dayanıqlılıq proqramı çərçivəsində ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün "Yaşıl Şəhər" üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edir.

AYİB həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdi və hazırkı layihə sözügedən təşəbbüs çərçivəsində reallaşır.

Xatırladaq ki, 2020-ci il ərzində AYİB Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfelinin həcmi 36 layihə üzrə 1,994 mlrd. avroya bərabərdir və buraya ödənilməmiş öhdəliklər də daxildir.

Bu günə qədər isə bank Azərbaycana 175 layihə üzrə 3,123 mlrd. avro həcmində investisiya yatırıb. Ümumi investisiyaların 23%-i özəl sektorun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR