"Azexport" portalına daxil olmuş ixrac sifarişlərinin dəyəri kəskin azalıb

"Azexport" portalına daxil olmuş ixrac sifarişlərinin dəyəri kəskin azalıb
# 28 fevral 2020 15:50 (UTC +04:00)

"Azexport.az" portalına 2020-ci ilin yanvar ayında 42,1 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri​ Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb.

"Cari ilin yanvar ayında portala ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub", - deyə N. Hacızadə qeyd edib.

O həmçinin əlavə edib ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) "Azexport" dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 626,9 mln. dollar təşkil edib.

N. Hacızadə bildirib ki, bu ilin yanvar ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Mərkəzi vasitəsilə həyata keçirdikləri ixracın dəyəri isə 8,1 mln. dollar olub.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin sertifikat təqdim etdiyi məhsullar 21 ölkəyə – İsveçrə (60%), Gürcüstan (14%), Rusiya (13%), Qazaxıstan (4%), Türkiyə (2%), Birləşmiş Krallıq (2%), digər ölkələrə (5%) – (Ukrayna, Çexiya, Belçika, Belarus, İspaniya, Niderland, Malayziya, Avstraliya, Çin, Oman, İsrail, Almaniya, İraq, Səudiyyə Ərəbistanı) ixrac edilib. İxrac statistikasına nəzər yetirdikdə 2019-cu ilin fevral ayı ilə müqayisədə ixracda 2,2 mln. dollar dəyərində artım müşahidə olunub.

Qeyd edək ki, ötən ilin yanvar ayında "Azexport.az" portalına daxil olmuş sifarişlərin ümumi dəyəri 91,7 mln. dollar təşkil edib. Göründüyü kimi, bu göstərici son bir ildə 2,2 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR