Azərbaycan Beynəlxalq Bankı 1-ci IBA Regional Hakatonuna start verir

Azərbaycan Beynəlxalq Bankı 1-ci IBA Regional Hakatonuna start verir
# 28 fevral 2020 11:02 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı təşkil etdiyi 1-ci IBA Regional Hakatonuna sabah start verilir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlıq sahəsində innovativ ideyaların üzə çıxarılması, eləcə də Azərbaycanda informasiya texnologiyaları ekosisteminin inkişafına dəstək məqsədilə təşkil edilən IBA Regional Hakatonda 40 komanda yarışacaq. İştirakçıların böyük qismi yerli mütəxəssislərdir. Eyni zamanda, Hakatona dünyanın 12 ölkəsindən də nümayəndələr qatılıb.

Bu, Azərbaycanda sahibkarlıq həlləri üzrə və “FinTech” sahəsində təşkil edilən ən genişmiqyaslı ideya marafonudur. Ölkədə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün son illər davamlı layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Hakatonda sahibkarlar üçün faydalı olan innovativ ideya və həllərə üstünlük verəcək. Sahibkarlıq sahəsində süni intellektdən istifadə, data- analitika modellərinin tətbiqi, elektron satış platformalarının yaradılması, ödənişlər, müştəri məmnuniyyəti və loyallığı üzrə innovativ təşəbbüslər xüsusi dəstəklənəcək. Təklif edilən həllər kiçik və orta sahibkarların marketinq, satış, ödəniş, logistika imkanlarının genişləndirilməsinə, biznes kreditlərinin, eləcə də digər bank məhsul və xidmətlərinin onlar üçün əlçatanlığının təmin olunmasına, müxtəlif dövlət xidmətlərindən istifadənin sahibkarlar üçün daha da asanlaşmasına yönəlməlidir.

Komandalara kömək üçün müxtəlif ölkələrdən 25 peşəkar mentor dəvət edilib.

Qeyd edək ki, Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Martın 1-də ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 10 000 manat, 2-ci yerin qalibi üçün 5 000 manat, 3-cü yerin qalibi üçün isə 3 000 manat məbləğində mükafat nəzərdə tutulub. Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azerikard” prosesinq mərkəzinin və “Bank ABB-Moskva”nın əməkdaşları “IBA Regional Hackathon”unda iştirak etmir.

IBA Regional Hakatonu Bakı Ekspo Mərkəzində keçiriləcək. Ətraflı məlumat üçün: https://www.ibahackathon.com.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR