Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi sentyabrda 13%-dək artıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi sentyabrda 13%-dək artıb
  • Clock-gray 14:17
  • calendar-gray 29 Oktyabr 2020

Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin sentyabr ayı ərzində 179 mln. manat həcmində əməliyyat həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 12,6% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 31,6% artım qeydə alınıb.

Sentyabr ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 47 mln. manatı ATM, 69 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 41 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 157 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 14,6% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 40,2% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 22 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 4,8% çoxdur, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 3% azalıb.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə ölkədə dövriyyədə ümumi olaraq 1,057 mln. ədəd kredit kartı var. Bu illik müqayisədə 38,5%, aylıq müqayisədə isə 3,8% çoxdur. Kredit kartları dövriyyədə olan ödəniş kartlarının ümumi sayında 11,8% paya malikdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər