Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,4% azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,4% azalıb
# 12 fevral 2021 14:53 (UTC +04:00)

2021-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 mlrd. manatlıq, o cümlədən 1,7 mlrd manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4%, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8% artıb.

2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9%-i ticarət müəssisələri, 49,8%-i fərdi sahibkarlar tərəfindən, 23,3%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2% artıb, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 15,7% azalıb.

2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR