Azərbaycanın cari əməliyyatlar hesabının balansında kəsir yaranıb

Azərbaycanın cari əməliyyatlar hesabının balansında kəsir yaranıb
# 15 dekabr 2020 15:11 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının ümumi kəsiri 1 803,7 mln. dollara çatıb və ya 2020-ci ilin 9 ayı üzrə ölkənin ehtiyat aktivləri 1 803,7 mln. dollar məbləğində azalıb. Bu ilin altı ayının yekununa əsasən isə sözügedən göstərici 957,5 mln. dollara bərabər idi.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2020-ci ilin doqquz ayı üzrə cari əməliyyatlar hesabının kəsiri 208,3 mln. ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib (ötən ilin müvafiq dövründə 4 mlrd. dollar profisit olub). Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə (5,2 mlrd. dollar) azalaraq 4 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 19,1% (1 mlrd. dollar) azalaraq 4,2 mlrd. dollar məbləğində olub.

AMB qeyd edir ki, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin 9 ayında tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olub. Tədiyə balansına əsasən ixrac qiymətlərinin dəyişməsi təsir göstərib və bu dövrdə qeyri-neft sektoru üzrə CƏB-in yaxşılaşması davam edib. Pandemiya şəraitində qeyri-neft sektoru üzrə əmtəə və xidmət idxalının azalması tədiyə balansına tarazlaşdırıcı təsir göstərib.

Qeyd edək ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu ilin yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4% təşkil edəcəyin proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu isə bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,6%, gələn il isə kəsirinin artaraq 4,4%-ə çatacağını gözləyir. Dünya Bankının bu il kəsirin ÜDM-in 0,7%-ni təşkil edəcəyini, 2021-ci ildə isə yenidən profisitə dönərək ÜDM-in 1,6%-ni təşkil edəcəyini proqnozlaşdırır.

Bundan əlavə, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında verilən proqnoza əsasən, 2021-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,1% və ya 1 377,2 mln. ABŞ dolları təşkil edəcək. 2022-ci ildə cari əməliyyatlar hesabının defisitinin ÜDM-in 1,1% səviyyəsində gözlənilsə də, 2023 və 2024-cü illərdə bu göstəricin profisitə dəyişərək ÜDM-in 1,4%-ni və 2,3%-ni təşkil edəcəyi gözlənilir.

Faktiki göstəricilərə gəldikdə isə 2020-ci ilin 6 ayı üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil etdi. 2019-cu yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə və ya 4, 364 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR