Deputat: “Dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır”

Deputat: “Dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır”
  • Clock-gray 14:32
  • calendar-gray 05 İyun 2020

“Dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib proqnozlaşdırılmada yeni qaydalara müvafiq olaraq təşkilatların sektor strateji planlarına ciddi önəm verilməsi vacib amillərdəndir: “2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82,0 milyon manat qənaət yaranıb. Araşdırmalar göstərir ki, bu, əsasən, büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır. Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməli, təşkilatların rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.

Postpandemiya dövründə texnologiyaların və məlumat bazalarının rəqabət üstünlüyü yaradan əsas amil olacağını nəzərə alaraq həm iqtisadiyyatda, həm də idarəetmədə mərkəzləşmiş vahid texnoloji platformaların yaradılmasına, rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməlidir”.

Millət vəkili qeyd edib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahat tədbirlərinin tərkibi kimi Azərbaycana xas olan kənd təsərrüfatı sahələri üzrə toxumçuluğun inkişafı üçün xüsusi dövlət dəstəyinin yaradılması və yeni stimullaşdırıcı mexanizmlərin tətbiqini vacib hesab edir: “Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının qeyri-qanuni olaraq dəyişdirilməsinə və yaxud onlardan istifadə etməyənlərə qarşı mübarizənin daha da sərtləşdirilməsi çox vacibdir.

Həmin torpaqların dövriyyəyə daxil edilməsi ümumi daxili məhsulun formalaşdırılmasında əhəmiyyətli rol oynayan kənd təsərrüfatının payının və xüsusi çəkisinin daha da artmasına zəmin yaradardı”.

Firuzə Vahid

Digər xəbərlər