Deputat: "İri maliyyə mərkəzlərinin ölkəmizə marağı Azərbaycanın işgüzar reputasiyasının göstəricisidir"

Deputat: "İri maliyyə mərkəzlərinin ölkəmizə marağı Azərbaycanın işgüzar reputasiyasının göstəricisidir"
  • Clock-gray 13:17
  • calendar-gray 03 İyun 2020

"Azərbaycan özünün dayanıqlı iqtisadiyyatı və faydalı tərəfdaşlığı ilə hətta dünya iqtisadiyyatının resessiyası izlənən pandemiya dövründə belə beynəlxalq maliyyə institutları üçün maraqlıdır. Bu, bizim həm sabit və rəqabətə dözümlü tərəfdaş olduğumuzun, həm də qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının rəhbərləri arasında keçirilən onlayn videokonfransa münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, dünya iqtisadiyyatının dərin böhran keçirdiyi, iqtisadi əlaqələrin minimum səviyyəyə endiyi dövrdə beynəlxalq maliyyə institutları ilə belə təmaslar həm əlamətdardır, həm də Azərbaycan iqtisadiyyatına olan etimaddan irəli gəlir: “Xatırlayırsınızsa, aprelin sonunda Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında işgüzar videokonfrans keçirilmişdi. Bu görüşün ardınca iki dünya nəhəngi - CISCO və “Signify” şirkətlərinin rəhbərləri ilə Azərbaycan Prezidenti arasında da videokonfrans baş tutmuşdu. Son iki görüş həmin şirkətlərin rəhbərlərinin təşəbbüsü ilə reallaşmışdı. Başqa sözlə, onlar əməkdaşlıqda maraqlıdırlar və bu fakt bir daha onu göstərir ki, dünyanın aparıcı texnoloji şirkətləri və maliyyə mərkəzləri bizim rəqabətə dözümlülüyümüzü və yüksək ödəmə qabiliyyətimizi qiymətləndirirlər”.

E. Allahverdiyev hesab edir ki, hazırda qlobal iqtisadi böhran şəraitində dövlətlər və transmilli korporasiyalar əməkdaşlıq layihələrinə, yeni bazarların kəşfinə və kapital yatırımına böyük həvəs göstərmirlər. İndiki qeyri-sabitlik erasında dəyərləndirilən ən vacib kateqoriya reputasiyadır.

“Müasir iqtisadi proseslərdə tərəfdaşların reputasiyası və imici həlledici faktora çevrilib. İmic etibarın təminatçısıdır. Bu gün dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə institutlarından kredit istədiyi dövrdə Azərbaycanın özünün özünü təmin etməsindən gözəl reputasiya göstəricisi ola bilərmi? Büdcələri ayrı-ayrı dövlətlərin büdcəsindən çox olan şirkətlər, maliyyə mərkəzləri bu amilə ciddi önəm verirlər. İri maliyyə mərkəzlərinin ölkəmizə marağı Azərbaycanın işgüzar reputasiyasının göstəricisidir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya dövründəki dayanıqlı iqtisadi göstəriciləri, yerli özəl biznesi pandemiyanın zərbələrindən sığortalamaq tədbirləri, üstəlik, yeni növ koronavirusun fəsadlarından əziyyət çəkən bir neçə dövlətə, Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə üçün böyük miqdarda yardımlar etməsi diqqətdən kənarda qala bilməzdi.

“Asiya İnkişaf Bankı bizim əlverişli və sabit tərəfdaşımızdır. İllərdir aramızda ciddi işgüzar münasibətlər formalaşıb. Bu bank ölkəmizdə ən iri kredit portfeli olan beynəlxalq maliyyə institutudur və hər zaman bizim çağırışlarımıza dərhal reaksiya verib. Yol infrastrukturu, Cənub Qaz Dəhlizi layihəsi, dəmir yollarının yenilənməsi, suvarma sisteminin yenidən qurulması, peşə təhsili sahəsində müxtəlif proqramlar bu bank tərəfindən maliyyələşib və ya maliyyələşməkdədir” deyən E. Allahverdiyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının yeni və müxtəlif sahələri var ki, iri şirkətlər və maliyyə mərkəzlərinin marağını cəlb edə bilər.

“Prezident cənab İlham Əliyev videokonfrans zamanı Azərbaycan iqtisadiyyatının əlverişli sahələrini sadaladı. Bərpa olunan enerji sferası yeni və prioritet istiqamətdir. Şimal-Cənub dəhlizi çərçivəsində ərazimiz vasitəsilə Rusiya və İranın, daha sonra isə bütöv Farz körfəzinin dəmiryolu sisteminin yeni, yüksək sürətli xətlə birləşdirilməsi layihəsinə vəsait yatırmaq rentabellidir. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi kursu reallığında kənd təsərrüfatı da daxil olmaqla perspektivli sahələr çoxdur. Xarici kapitalın bu sahələrə axını Azərbaycanın iqtisadi inkişafına əlavə və yeni təkan verə bilər. Bu, ölkə iqtisadiyyatına postpandemiya mərhələsində çox vacib olmaqla yanaşı, həm də böhranın fəsadlarını tezliklə aradan qaldıracağımıza dair proqnozların xeyrinə olan güclü arqumentdir”, - deyə deputat əlavə edib.

apa-logo-mini

Digər xəbərlər