Ekspert: "Cari əməliyyatlar hesabının balansı bu il tarazlığa yaxın olacaq"

Ekspert: "Cari əməliyyatlar hesabının balansı bu il tarazlığa yaxın olacaq"
# 30 dekabr 2020 16:52 (UTC +04:00)

Bu il Azərbaycanda strateji valyuta ehtiyatları demək olar ki, sabit qalıb, ölkədə bu il cari əməliyyatlar hesabının balansı da tarazlığa yaxın olacaq.

"APA-Economics"in məlumatına görə, bunu 2020-ci ilin iqtisadi yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə cari əməliyyatlar hesabının kəsirlə qeydə alınması gözlənilir: "Azərbaycan bu il həm də milli valyutasını sabit saxlamağı bacaran azsaylı ölkələrin sırasındadır. Manatın məzənnəsinin tənzimlənməsində Mərkəzi Bankda Dövlət Neft Fondunun həyata keçirdiyi valyuta hərraclarının həlledici rolu olub. Makroiqtisadi təhlil göstərir ki, Azərbaycan iqtisadiyyatının böhranlara qarşı immuniteti yüksəlib və neftin qiymətinin 40-45 dollarlıq intervalında cari əməliyyatlar hesabının tarazlığı qorunur", - deyə V. Qasımlı qeyd edib.

Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 104,8 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 0,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Azərbaycan Mərkəzi Bankının yeni hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 208,3 mln. ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib. 2019-cu ildə profisit ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR