IATA aviaşirkətlərin builki itkiləri üzrə proqnozunu pisləşdirib

IATA aviaşirkətlərin builki itkiləri üzrə proqnozunu pisləşdirib
  • Clock-gray 14:35
  • calendar-gray 25 Fevral 2021

Bu il dünya aviaşirkətləri 75 mlrd. dollardan 95 mlrd. dollaradək itirə bilər.

"APA-Economics"in məlumatına görə, bu proqnozu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) açıqlayıb.

IATA-nın yeni proqnozu əvvəlki ilə müqayisədə pisləşib. Belə ki, ötən ilin dekabr ayında təşkilat 2021-ci ildə aviasiya sənayesinin itkilərinin 48 mlrd. dollar olacağını proqnozlaşdırmışdı, lakin 2021-ci il üçün verilən ən bədbin proqnoz 2020-ci ilin nəticələrindən daha yaxşıdır. Ötən il aviaşirkətlər təxminən 150 mlrd. dollar itirib.

"Hökumətlər tərəfindən sərhəd məhdudiyyətlərinin sərtləşdirildiyini nəzərə alsaq, 2021-ci ilin əvvəllər düşünüləndən daha çətin olacağı ehtimal olunur", - deyə IATA-nın rəhbəri Aleksandr de Junyak bildirib.

Əgər əvvəl IATA aviasiya sənayesinin IV rübədək mənfəətə qayıdacağını proqnozlaşdırırdısa, hazırda assosiasiya mənfəətin 2022-ci ildən tez əldə olunacağını gözləmir.

IATA-nın nikbin ssenarisinə görə, bu il sərnişin axını 2019-cu il səviyyəsinin 38%-ni təşkil edəcək, aviaşirkətlər isə təxminən 75 mlrd. dollar itirəcək. Pessimist ssenariyə görə, sərnişin axını 2019-cu illə müqayisədə 33% səviyyəsində qalacaq (yəni 2020-ci ilə nisbətən bir qədər pis olsa da, aviaşirkətlərin itkiləri 95 mlrd. dollara çatacaq. Əvvəllər IATA hava trafikinin həcminin 2019-cu ilə nisbətən 50,6% səviyyəsində olacağını proqnozlaşdırırdı.

APA-Economics

Digər xəbərlər