Azərbaycan Banklar Assosiasiyası ilə Rusiyanın Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub

Azərbaycan Banklar Assosiasiyası ilə Rusiyanın Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub
# 15 avqust 2019 10:03 (UTC +04:00)

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyətinin bank olmayan ödəniş xidməti təchizatçıları, o cümlədən pul köçürmə sistemləri, elektron pul təşkilatlarının fəaliyyətinin təşkili, habelə maliyyə bazarları sahəsində fintexlərin iştirakı və ödəniş ekosistemində qanunvericilik bazasında aparılan son islahatlar üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə Rusiya Federasiyasına rəsmi səfəri baş tutub.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, “Zolotaya Korona” pul köçürmə sisteminin rəhbərliyi ilə keçirilən görüşdə pul köçürmələri sahəsində innovativ texnologiyaların tətbiqi, pul köçürmələri üzrə ölkə qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının daha da artırılması, banklarda pul köçürmələri üzrə risk əsaslı nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib.
Səfər çərçivəsində Rusiya Federasiyasının Fintex Assosiasiyası ilə baş tutan görüş zamanı məsafədən eyniləşdirmə prosedurunun tətbiqi, təcili ödənişlər sisteminin fəaliyyəti, habelə bank sistemində açıq bankçılıq texnologiyası (Open API) üzrə müzakirələr aparılıb.

Müzakirələr çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Rusiya Fintex Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi zərurəti diqqətə çatdırılıb.

Rusiya Banklar Assosiasiyası və Milli Ödəniş Assosiasiyası ilə keçirilən görüşlərdə ödəniş ekosistemi üzrə qanunvericilik bazasında aparılan son islahatlar, o cümlədən elektron ödənişlərdə tətbiq olunan xidmət haqlarının nəzarət qurumu tərəfindən tənzimlənməsi alətləri, ödəniş terminallarının fəaliyyətinin təşkili, habelə elektron ödənişlərdə ödəniş agenti modelinin tətbiqi və agent bankçılıq layihəsi müzakirə edilib.

Əlavə olaraq, elektron pul emissiyası üzrə mövcud təcrübənin mənimsənilməsi məqsədilə qabaqcıl mobil rabitə operatoru ilə görüş keçirilib və bankların bu ödəniş alətinin tətbiqində iştirak perspektivləri və tətbiq olunan risk əsaslı yanaşma modeli təhlil edilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR