Azərbaycan, Qazaxıstan və Kanada banklarına fişinq hücumu qeydə alınıb

Azərbaycan, Qazaxıstan və Kanada banklarına fişinq hücumu qeydə alınıb
# 15 avqust 2019 11:20 (UTC +04:00)

Azərbaycanın “KapitalBank”, Qazaxıstanın “HALYK BANK” və Kanadanın “Scotiabank”na hədəflənən fişinq hücumları qeydə alınıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (KİMM) “APA-Economics”ə verilən məlumata görə, Facebook sosial şəbəkəsində “Kazxchkasbd” adlı səhifə yaradılaraq "BirBank BOKT” MMC-yə məxsus korporativ stildə üzərində “daxil ol 500 AZN ve iPhone XS Max qazan” başlıqlı Azərbaycan seqmentində sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsi məqsədilə reklam kampaniyası başladılıb, reklam kampaniyasının üzərinə klik etdikdə “birrbankaz.com” saytına keçid təyin edilib. Adıçəkilən saytın məzmununda isə “BirBank BOKT” MMC-nin elektron xidməti olan “İnternet-bank”a oxşar, məzmun daxilində “İnternet-banka daxil olmaq” başlıqlı, şəxsi kabinetə daxil olmaq üçün tələb olunan telefon nömrəsi və şifrənin daxil edilməsi üçün nəzərdə tutulmuş müvafiq sahələr yerləşdirilib.

Güman edilir ki, hakerlər Qazaxıstanda “HALYK BANK”, Kanadada “Scotiabank” və Azərbaycanda “KapitalBank” banklarını hədəfə almış fişinq hücumları həyata keçirməkdədir. Fişinq hücumu həyata keçirən sayt KİMM tərəfindən yaradılan “Qara siyahı” (https://blacklist.gov.az/ ) xidmətinə əlavə edilib.

KİMM Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırır, bu kimi şübhəli məzmunlu internet informasiya resurslarını aşkar etdikdə, Mərkəzə müraciət etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR