Nur-Sultanda “Qara yanvar-müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub

Nur-Sultanda “Qara yanvar-müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub
# 18 yanvar 2020 15:12 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti və fotosərgi təşkil olunub.

APA-nın məlumatına görə, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutan tədbirdə tanınmış gənc pianoçu, beynəlxalq mükafatlar laureatçısı Azərbaycan Opera və Balet Teatrı orkestrinin artisti Fəqan Həsənlinin təqdimatında Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Faqif Mustafazadə, Şopen, Şnitke, Skryabin kimi Azərbaycan və dünya klassiklərdən seçilmiş əsərləri səsləndirilib.

Qazaxıstanda akkreditə olunan səfirlər, diplomatik korpus təmsilçiləri, nüfuzlu ictimai-siyasi xadimlər və icma nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, klassik musiqi proqramını və sərgini təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyin necə əvəzsiz bir miras olduğunu bir daha xatırlatmaqdır.

Onun sözlərinə görə, qanlı Yanvar qırğını Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu göstərir: “Çünki ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi dönüş nöqtəsi oldu”.

Diplomat qeyd edib ki, 1988-ci ildən erməni separatistlərinin başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı silahlı müdaxilə yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələnib: “Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma, Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq səlnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi”.

Səfir çətin illərdə Azərbaycan ziyalılarının, xüsusilə Ulu öndər Heydər Əliyevin cəsarətli mövqeyinin xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynadığını vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyi 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə ölkənin Almatı və digər böyük şəhərlərində də anoloji tədbirlər təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR