Paşinyan: "Artak Davtyan Baş Qərargah rəisi təyin edilmiş sayılır"

Paşinyan: "Artak Davtyan Baş Qərargah rəisi təyin edilmiş sayılır"
# 22 mart 2021 09:58 (UTC +04:00)

Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da bildirib.

O qeyd edib ki, qanunun gücü ilə A. Davtyan Baş Qərargahın rəisi təyin edilmiş sayılır.

Xatırladaq ki, fevralın 25-də Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan və bir sıra generallar Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. N. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq O. Qasparyanı vəzifəsindən azad edib. Lakin Ermənistan prezidenti Armen Sarkisyan bu barədə təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A. Sarkisyan bu dəfə də qərarı geri göndərib. Prezident hökumət başçısının O.Qasparyanın işdən çıxarılması üçün üçüncü təqdimatını da imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

O.Qasparyan da baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət edib.

Martın 10-da Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. Amma dövlət başçısı təyinatla bağlı təqdimatı imzalamayıb.

Martın 18-də Ermənistanın İnzibati Məhkəməsi Onik Qasparyanla bağlı qərarını açıqlayıb. Qərara əsasən, O.Qasparyan Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR