Lavrov Blinkendən Ukrayna ilə bağlı mesaj aldığını təsdiqləyib

Lavrov Blinkendən Ukrayna ilə bağlı mesaj aldığını təsdiqləyib
# 31 yanvar 2023 16:37 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin Qahirəyə səfərindən sonra Misirin xarici işlər naziri Sameh Şükridən amerikalı həmkarının Ukrayna ilə bağlı mesajını aldığını təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Lavrov misirli həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Cənab nazir əvvəlki sualı cavablandırarkən bildirib ki, o, bu yaxınlarda Qahirədə səfərdə olan dövlət katibi Blinkendən müəyyən mesaj çatdırıb. Mən bunu təsdiq edirəm", - Lavrov qeyd edib.

Rusiya xarici işlər naziri əlavə edib ki, ölkəsi bütün mövcud vəziyyətin hərtərəfli kontekstində həllinə yönəlmiş istənilən ciddi təklifi dinləməyə hazırdır.

Lavrovun sözlərinə görə, Blinkenin mesajında yalnız Rusiya Federasiyasına “getmək və dayandırmaq” çağırışları var.

“Növbəti dəfə də "Rusiya dayansın, Rusiya getsin, sonra hər şey yaxşı olacaq” mesajlarını eşitdik” , - Rusiyanın baş diplomatı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR