Rusiya MN: Ukraynada 11 hərbi obyekt vurulub

Rusiya MN: Ukraynada 11 hərbi obyekt vurulub
# 23 aprel 2022 12:03 (UTC +04:00)

Ötən gecə Rusiya Hava kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri Ukraynada 11 hərbi obyekti vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, vurulan hərbi obyektlər arasında 7 dayaq məntəqsi, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazilər var: "Zərbələr nəticəsində düşmən iki rotaya qədər şəxsi heyəti, 25 zirehli texnikasını itirib. Həmçinin, Çervennoe yaşayış məntəqəsi ərazisində üç raket və artilleriya silahı anbarı məhv edilib".

Konaşenkov Rusiya hərbi operativ-taktiki aviasiyanın ötən gecə ərzində Ukraynada 66 hərbi obyekti vurduğunu söyləyib:

"Onların arasında üç komanda məntəqəsi, canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 ərazi, həmçinin Aleksandrovka, Komar və Boqatır yaşayış məntəqələri ərazilərində üç raket və artilleriya silahı anbarı var.

Raket qoşunları və artilleriya gün ərzində 1098 atəş tapşırığını yerinə yetirib. Zərbələr nəticəsində Çuquev qəsəbəsi yaxınlığındakı ərazidə üç Ukrayna Mi-8 helikopteri, Barevenkovo qəsəbəsinin kənarındakı “Osa-AKM” zenit-raket kompleksinin üç qurğusu, 16 silah və hərbi texnika anbarları , habelə Ukrayna bölmələrinin 33 komanda məntəqəsi məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR