Səfərbərlik fonunda Moskvadan Bakı, İstanbul və İrəvana bütün aviabiletlər satılıb - YENİLƏNİB - VİDEO

Səfərbərlik fonunda Moskvadan Bakı, İstanbul və İrəvana bütün aviabiletlər satılıb - YENİLƏNİB  - VİDEO
# 21 sentyabr 2022 17:27 (UTC +04:00)

Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrə ən yaxın vaxta birbaşa reyslərin aviabiletləri tükənib.

APA-nın Moskva müxbirinin “Aviasales” xidmətinə istinadən verdiyi məlumata görə, Moskvadan “Aeroflot” şirkəti ilə Bakıya birbaşa uçuşa bileti sentyabrın 23-dən tez almaq mümkün deyil. Sonrakı günə olan biletin qiyməti isə 74,5 min rubldur. Azərbaycan Hava Yollarının (21 sentyabr Moskva vaxtı ilə saat 12.00-a olan məlumata görə) 22 sentyabr üçün 719 avroya biletləri var. Aviaşirkətin saytındakı məlumata görə, sentyabrın 24-dən sonraya 394 avroya bilet almaq olar.

Moskvadan İstanbula birbaşa uçuş üçün bileti də hazırda 23 sentyabrdan tez əldə etmək mümkün deyil, sentyabrın 24-nə olan biletin (“Aeroflot” reysi) qiyməti isə 76 min rubl təşkil edir. Bu bilet artıq aviaşirkətin saytında yoxdur, ən yaxın mövcud birbaşa uçuş sentyabrın 25-dir ki, bu reys üçün biletin da qiyməti 58,6 min rubl təşkil edir. Türk Hava Yollarının saytında sentyabrın 25-dən sonra birbaşa reys üçün bileti 81 min rubldan baha qiymətə tapmaq mümkündür.

Oxşar vəziyyət Moskvadan İrəvana birbaşa uçuşlarda da müşahidə olunur. Sentyabrın 23-də “Aeroflot” saytında yalnız biznes sinif biletləri tapmaq mümkündür. Onların da qiyməti 122 min rubldan başlayır. Sentyabrın 24-dən sonra isə 62 min rubla İrəvana "ekonom" sinifdə uçmaq mümkündür.

***

13:44

Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən bir neçə dəqiqə sonra bu günə İstanbul və İrəvana aviareyslərə birbaşa bütün biletlərin satıldığı açıqlanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu isə 300 min çağırışçının səfərbərliyə cəlb ediləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR