Almaniyada Azərbaycan İli çərçivəsində Berlin Etnologiya Muzeyində “Azərbaycan-Odlar Yurdu” sərgisinin açılış mərasimi keçiriləcək

Almaniyada Azərbaycan İli çərçivəsində Berlin Etnologiya Muzeyində “Azərbaycan-Odlar Yurdu” sərgisinin açılış mərasimi keçiriləcək
# 26 avqust 2008 14:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Almaniyada Azərbaycan İli çərçivəsində Berlin Etnologiya Muzeyində “Azərbaycan-Odlar Yurdu” sərgisinin açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, sərginin açılışından əvvəl Berlin Etnologiya Muzeyində sərgiyə həsr olunmuş mətbuat konfransı keçirilib. Onun sözlərinə görə, konfransda Berlin Etnologiya Muzeyinin direktoru Viola Työnik də iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova “Azərbaycan – Odlar Yurdu” sərgisi barədə konfrans iştirakçılarına ətraflı məlumatlar verib.
Noyabr ayına kimi nümayiş etdiriləcək sərgidə Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı-kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərinin tarixi muzeylərindən eksponatlar nümayiş olunacaq.
Sərgidə ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış və əvəzsiz tarixi-mədəni dəyər kəsb edən eksponatlardan “Şüşə qab” (e.ə. II əsr), “Tunc qolbaq” (e.ə. V-IV əsrlər), “Tunc boyunbağı” (e.ə. V-IV əsrlər), “Tunc xəncər” (e.ə. IX-VIII əsrlər), “Gil qab” (e.ə. IV-I əsrlər), “Tunc maral fiquru” (e.ə. V-IV əsrlər), “Küp” (e.ə. VIII əsr), eyni zamanda eramızın XIII əsrinə aid edilən müxtəlif ölçülü daş kitabələrlə yanaşı xalq sənətkarlığının nümunəsi olan “Satıl” (XIX əsr), “Dolça” (XIX əsr), “Məcməyi” (XIX əsr), “Manqal” (XIX əsr), eləcə də çağdaş dövrümüzə qədər yaşayan, adı YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilən muğam sənətinin əsas alətləri– tar, kaman, qaval, habelə zurna, ney, qoşa nağara kimi xalq musiqi alətləri də özünəməxsus yer tutur.
Mətbuat katibinin sözlərinə görə, sərgidə ən diqqət çəkən eksponat “Kitabi-Dədə Qorqud”un Drezden kitabxanasında saxlanılan əlyazmasıdır. Klassik Azərbaycan poeziyasının korifeylərindən Nizami Gəncəvinin “Xəmsə”si (XII əsr), Nəsiminin “Divan”ı (XVI əsr), Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-Raz” (XV əsr), Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərləri (XVI əsr) ilə yanaşı, İbn Sinanın “Əl-Qanun fit-tibb”, Əbri ibn Adilin astrologiyaya aid kitabları və əlyazmaları sərginin eksponatları sırasına daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR