“Saxurlar” və “Qoşqar Əhmədov” sənədli televiziya filmlərinin çəkilişi başa çatıb

“Saxurlar” və “Qoşqar Əhmədov” sənədli televiziya filmlərinin çəkilişi başa çatıb
# 12 noyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Saxurlar” və “Qoşqar Əhmədov” adlı sənədli televiziya filmlərinin çəkilişi başa çatıb. Bu barədə APA-ya Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən məlumat verilib. Tarixi-etnoqrafik xarakter daşıyan “Saxurlar” filmində Azərbaycanda yaşayan bu milli azlığın keçmişi, məişəti, adət-ənənəsi, müasir həyat tərzi, etnik xüsusiyyətləri əksini tapıb. Film Qax rayonunun Qum və Çinarlı, Zaqatala rayonunun Suvagil kəndlərində lentə alınıb. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Cahangir Mehdiyev, operatoru Adil Abbasovdur.

“Qoşqar Əhmədov” filmi isə görkəmli riyaziyyatçı alim, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun həyat və yaradıcılığına həsr olunub. Q. Əhmədov 70-dən çox elmi əsərin müəllifi, 60-dan artıq namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri olub. Filmin çəkilişi Bakıda və Gədəbəydə aparılıb. Filmin ssenari müəllifi Eldar İsgəndərzadə, rejissoru Vasif Məmmədzadə, operatoru Mahir Cahangirovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR