Anar Kərimov: “Yaradıcı təşkilatlar və ictimai birlikləri aktivləşdirəcəyik”

Anar Kərimov: “Yaradıcı təşkilatlar və ictimai birlikləri aktivləşdirəcəyik”
# 17 sentyabr 2020 17:01 (UTC +04:00)

“Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” qanuna ehtiyac var.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib.

O bildirib ki, ötən çağırışlar dövründə də bu məsələ gündəmdə olub, ancaq bəzi səbəblərdən müsbət həllini tapa bilməyib: “Ancaq hesab edirəm ki, belə bir qanun layihəsinin müzakirəsi və qəbulu lazımdır. Buna ciddi ehtiyac var. Düzdür, yaradıcılıq təşkilatları da ictimai təşkilatlardır və onlar dövlət tərəfindən maliyyələşdirilməməlidir. Ancaq elə yaradıcılıq təşkilatları var ki, onlar spesifikdir, böyük, tarixi ənənəsi var. Məsələn, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı belə təşkilatlardandır. Onlara çox cüzi şəkildə maliyyə ayrılır, bəzən olur, bəzən də olmur. Ona görə də bu təşkilatlarla bağlı ayrıca qanun layihəsi olmalı və onlar dövlət tərəfindən maliyyələşdirilməlidir. Bu baxımdan hesab edirəm ki, nəhayət, yaradıcı şəxslər və yaradıcı şəxslərlə bağlı qanun layihəsi gündəmə gətirilməli, bu yöndə addımlar atılmalıdır”.

Millət vəkilinin təklifini komitə sədri Qənirə Paşayeva dəstəkləyib.

“Yaradıcı təşkilatlar və ictimai birliklərlə əməkdaşlığımız mövcuddur, onlar dövlət xətti ilə maliyyələşir”.

Bunu isə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

O bildirib ki, bu birliklərin və təşkilatların fəaliyyətini daha da canlandırmaq fikrindədirlər: “Layihəyönümlü fəaliyyət çərçivəsində bizim ictimai birliklər və təşkilatlar iştirak etməlidir. Onlar müxtəlif layihələrin həyata keçirilməsində iştirak etsinlər. Maliyyələşmə bu layihələrə uyğun həyata keçirilsə, həmin ictimai birliklərin fəaliyyətini canlandırmış olarıq. Etiraf etməliyik ki, bu sahədə canlanma yoxdur. Bu sahədə ictimai birlikləri gənclərlə işləməyə sövq etmək niyyətindəyik. Bununla da əldə edilən miras yeni nəsillərə keçsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR