Millət vəkili: “Prezidentin tövsiyələrini nəzərə almalıyıq”

Millət vəkili: “Prezidentin tövsiyələrini nəzərə almalıyıq”
# 06 yanvar 2021 19:55 (UTC +04:00)

“Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Azərbaycanın mədəniyyət siyasətinin gələcək inkişafını müəyyən edən prioritet istiqamətləri toxunub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, Azərbaycan müstəqil olmadığı zaman assimlyasiya olunmamasında mədəniyyətimiz misilsiz rol oynayıb, Azərbaycan dili və mənəvi dəyərlər milli identifikasiyamızı müəyyən edib: “Azərbaycan müstəqillik əldə edəndən sonra da vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin simvolları sırasında Azərbaycan mədəniyyətini xüsusi qeyd etmək lazımdır. Prezident də çıxışında bu gün Azərbaycan dilinin, mədəniyyətinin qorunmasının vacibliyini vurğulayıb. Azərbaycan dili çox zəngindir, lakin dövlət başçısının qeyd etdiyi kimi bu dilə bəzi sözlər qarışıb ki, onlar dilimizin saflığına xələl gətirir. Ona görə də Prezidentin tövsiyələrini nəzərə almalıyıq”.

Millət vəkili Milli Məclisdə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çıxışlar etdiyini də xatırladıb: “Prezidentin də bu yöndə tövsiyələri ürəyimdən oldu. Yeri gəlmişkən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Mənim sədri olduğum Vəhdət Partiyasında müavinlərimdən biri də böyük dilçi alimdir, bu sahəyə xüsusi diqqət yetiririk. Dövlət başçısının da qeyd etdiyi kimi, dünyada 50 milyon insanın ana dili olan Azərbaycan dilində danışır. Dilimizlə bağlı terminoloji, izahlı lüğətlərin hazırlanması ilə bağlı son illər xeyli işlər görülüb”.

T. Kərimli bildirib ki, Azərbaycan mədəni irsinin qorunması ilə bağlı YUNESKO ilə əməkdaşlıq davam etməlidir: “Məsələn, müxtəlif ölkələrdə muğam sənəti inkişaf edib. Ancaq Azərbaycan xüsusi muğam mərkəzinə çevrilib. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolunu xüsusi qeyd etmək lazımdır. Nəsiminin qəzəllərinin birində 12 muğamın hamısının adı çəkilir, yalnız bir muğamın adı fərqlidir. Bu da göstərir ki, məhz Azərbaycan muğamın beşiyidir. Onu da qeyd edim ki, mədəni irsimizin qorunması, gənc nəslin milli ruhda tərbiyə olunması, xüsusilə mədəniyyət xadimlərinə diqqət və qayğı yönündə əhəmiyyətli işlər görülür. Eyni zamanda tarixi, mədəni abidələrin qorunması, bərpası diqqət mərkəzindədir. Ötən dövrdə bu sahədə yol verilmiş pozuntular da aradan qaldırılır. Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən işğaldan azad edilmiş ərazilərdəki mədəniyyət abidələrinin qısa müddətdə yenidən siyahıya alınması və təftişinin aparılması ilə bağlı tapşırıq da verib. Eyni zamanda dini abidələr də diqqət mərkəzindədir. Məsələn, dünyada ən qədim məscidlərdən biri olan Şamaxıdakı Cümə məscidi bərpa olunub, Cənubi Qafqazda ən böyük məscidi olan Heydər məscidi istifadəyə verilib. O cümlədən xristian, alban kilsələri təmir və bərpa edilib. İşğaldan azad edilən ərazidə yerləşən Xudavəng monastırı da udin qardaşlarımıza qaytarılıb. Qafqaz Albaniyası 900 il mövcud olub, ancaq ermənilər bütün xristian abidələrini öz adlarına çıxmağa çalışır. Ermənilər Qafqaz Albaniyasının irsləri sırasına daxil olan Xudavəng monastırı da erməniləşdirməyə cəhd etmişdilər. Ancaq torpaqlarımızın işğaldan azad edilməsi ilə bu prosesin də artıq qarşısı alınıb. Ümumiyyətlə, Azərbaycan ərazisinin 20 faizə qədərini uzun müddət işğal altında saxlamış Ermənistan mədəni soyqırım da törədib. Bizim 60-dan çox məscidimiz dağıdılıb, şəhərlərimizi və kəndlərimizi viran qoyublar. Ancaq YUNESKO və digər beynəlxalq qurumlar indiyə qədər ermənilərin dağıtdığı mədəni abidələrimizlə maraqlanmayıb. Vətən müharibəsi dövründə bir kilsəyə təsadüfən kiçik zərər dəymişdi, tez reaksiyalar verilmişdi. Üstəlik, ermənilər milli musiqimizi, milli mətbəximizi də oğurlamağa çalışıblar. Biz Ermənistanın bütün bu əməllərinin də dünyada ifşa olunması istiqamətində ardıcıl iş aparmalı, təbliğata xüsusi önəm verməliyik. Azərbaycanın bir sıra mədəniyyət abidələrinin YUNESKO-nun mədəni irs siyahısına salınması da xüsusi qeyd olunmalıdır. O cümlədən müasir dövrdə Heydər Əliyev Mərkəzinin də dünyada seçilən memarlıq abidələrindən biri olduğu şübhəsizdir, bir çox reytinqlərdə hətta ilk yeri tutur. Alov qüllələri də bu gün müasir Bakının rəmzinə verilib. Bölgələrimizdə də müasir memarlıq nümunələri ərsəyə gətirilir”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Füzulidə beynəlxalq aeroport tikiləcəyini bildirib: “Füzulidən Şuşaya çox yaxındır, ümumilikdə Şuşaya yolu qısaldacaq. Bu, vətəndaşlarımızın, o cümlədən turistlərin Şuşaya gediş-gəlişini də asanlaşdıracaq. Prezident Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı da elan etdi və Şuşanın qısa müddətdə bərpası vəzifəsini qarşıya qoydu. Dövlət başçısı bu il Şuşada Vaqif Poeziya Günləri və Xarı bülbül festivalının təşkil olunması barədə tapşırıq verdi. Başqa sözlə, Şuşa regionun mədəni brendinə çevrilməlidir. Şuşada muğam mərkəzinin yaradılması da vacibdir”.

T. Kərimli Prezident İlham Əliyevin 2021-ci ili Nizami Gəncəvi İli elan etməsini də yüksək qiymətləndirib: “Çünki Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli nümayəndəsidir və bütün dünyada Azərbaycan xalqının 900 il əvvəl belə bir nəhəng sima yetirdiyini ortaya qoyur. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində yeni səhifə açıb. Nizami Gəncəvi irsinin öyrənilməsi istiqamətində xeyli iş görülməsinə baxmayaraq, Prezident İlham Əliyev bu istiqamətdə də yeni vəzifələr müəyyən edib.

Nizami, Füzuli, Nəsimi kimi nəhəng şəxsiyyətlərimiz dünya ədəbiyyatına böyük töhfələr verib. Digər tərəfdən, mədəniyyətimizdə aşıq sənəti də unikal sənət növüdür, ciddi surətdə öyrənilməli və inkişaf etdirilməlidir. Gənclərimizin milli mədəniyyətimizə, milli musiqimizə münasibəti təqdirəlayiqdir və bundan sonra da milli musiqimizin inkişafı da təmin olunmalıdır. Eyni zaman Azərbaycan dünyada bir neçə ölkədən biridir ki, xalçaçılıq inkişaf edib. Dövlət başçısının da qeyd etdiyi kimi, xalçaçılığın inkişafı bundan sonra da diqqət mərkəzində olmalıdır. Şuşanın özündə də Qarabağ xalçaçılıq məktəbinin inkişafı mərkəzi yaradıla bilər”.

Millət vəkili Prezident İlham Əliyevin Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Dağlıq Qarabağdakı ermənilərin gələcək həyatından bəhs etdiyini də xatırladıb: “Dövlət başçısı qeyd etdi ki, vətəndaşlarımız olan ermənilər üçün də layiqli həyat şəraiti təmin ediləcək. Hazırda Qarabağda 60 minə yaxın erməni yaşayır və onların da rifah halının yüksəldilməsi dövlətin diqqət mərkəzində olacaq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Qarabağ bölgəsində yaayan ermənilər də artıq başa düşürlər ki, Azərbaycan dövlətinin vətəndaşları olaraq normal yaşayışları təmin olunacaq”.

T. Kərimli hesab edir ki, Prezident İlham Əliyevin Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxış uzun illər Mədəniyyət Nazirliyi üçün bir proqram xarakteri daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR